• C. Noy 22nd, 2024

PEYVƏNDLƏMƏ COVID-19-DAN QORUNMAĞIN
ƏN YAXŞI VASİTƏSİDİR

ByYenigun.news

İyl 30, 2021

Ölkədə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Azərbaycan dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksini əldə edən və istifadəyə başlayan ilk ölkələrdən biri oldu. Peyvənd çeşidləri genişləndirilib. Bütün bunlara baxmayaraq, arxayınlaşmaq olmaz. Çünki kollektiv immunitet qazanmaq üçün ölkə əhalisinin ən azı 60 faizi peyvəndləmədən keçməlidir. Peyvənd vurdurmaq hər kəsin özünü və ətrafındakıları COVID-19-dan qoruması üçün ən yaxşı üsuldur. Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var. Onların da hər biri effektiv və təhlükəsizdir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır, yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Sorğular və təhlillər göstərir ki, bu gün peyvəndin 3-cü dozasına ehtiyac var, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara, yəni tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər 3-cü doza peyvəndvurulması məqsədəuyğun hesab olunur. Bu zaman qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Təəssüf ki, bəzi insanlar vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etməyə ehtiyac olmadığını düşünürlər, lakin bu, qətiyyən doğru deyil. Mütəxəssislərin sözlərinə görə, peyvəndin qoruyuculuğu 60-90 faiz arasında dəyişir. Peyvəndləmədən sonra orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır. Qeyd edək ki, koronavirus mutasiyaya uğramağa davam edir və mutasiyaların hər biri özünü fərqli şəkildə büruzə verir. Bəzi vətəndaşlarımız özlərini sanki pandemiya bitmiş kimi aparırlar. Karantin rejimi yumşaldılsa belə, tam rahatlaşmaq lazım deyil, qaydalara riayət etməliyik, insanları daha etibarlı, davamlı peyvəndlərlə təmin etmək üçün ciddi tədbirlər görülməlidir. Risk qrupunda olan şəxslər koronavirusu ağır keçirirlər. Ona görə vaksinasiya prosesi daha ümidverici və güvənlidir. Həmçinin nəzərə almaq lazımdır ki, peyvəndləmə dünyada ilk dəfə koronavirus üçün tətbiq edilməyib. Yəni vaksinasiya prosesi ilə bağlı kifayət qədər təcrübəyə sahibik. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması üçün yeganə üsuldur. Çünki vaksinasiya ilə həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Xüsusilə də vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Bütün vətəndaşlara tövsiyə olunur ki, tətbiq edilən yumşalmalara baxmayaraq, fərdi mühafizə vasitələrindən istifadə etsinlər və sosial məsafə saxlasınlar. Başqa sözlə, ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir.

Vüsal Abdullayev, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir