• Şb. Noy 23rd, 2024

PREZİDENT İLHAM ƏLİYEVİN REGİONLARA SƏFƏRLƏRİ İNKİŞAFA HƏLLEDİCİ TƏSİRƏ MALİKDİR

ByYenigun.news

İyl 26, 2021

Prezident cənab İlham Əliyevin Goranboy, Naftalan və Daşkəsənə etdiyi səfər zamanı verdiyi müsahibə cəmiyyətdə güclü rezonans doğurub. Göstərilir ki, aparılan sosial-iqtisadi siyasət nəticəsində ötən ilki geriləmələr aradan qaldırılmış, ölkəmiz iqtisadi artıma nail olmuşdur. Cənab İlham Əliyev ölkəmizdə idmanın inkişaf etdirilməsinə, insanlarımızın sağlam həyat sürməsinə də hər zaman böyük diqqət yetirir. Bildiyimiz kimi turizmin inkişaf etdirilməsi ölkəmizə gələn turistlərin hesabına dövlət büdcəsinə daxilolmalar artır, eləcə də bu, ölkəmizi tanıtdırmaq üçün ən yaxşı təbliğatdır. Xarici turistləri Azərbaycanın füsünkar təbiəti, gözəl havası, müasir tikililəri ilə cəlb etmək üçün son illər çox böyük işlər görülüb. Sovet dövründə ölkəmizə səfər edən turistlərin çoxu Naftalan şəhərinə gəlirdilər. Bura il ərzində müalicəvi sanatoriya və pansionatlara 50-60 min turist gəlirdi. Naftalan həm də müalicəvi təbii ehtiyatları ilə məhşur idi. Son illər bu şəhərimiz öz əvvəlki şöhrətini qaytarmaqdadır. Bu sahəyə böyük investisiya qoyulmuşdur. Bu gün Naftalanda müasir tipli 13 mehmanxana və sanatoriya fəaliyyət göstərir. Naftalan elə bir ərazidə yerləşir ki, buraya gələn turistlər Gəncəyə və işğaldan azad edilmiş ərazilərimizə də rahat şəkildə səfər edə bilərlər. Azərbaycan iqtisadiyyatı getdikcə möhkəmlənir. Bu ilin 6 ayına nəzər salsaq görərik ki, ilin əvvəllərində iqtisadi tənəzzül nəzərə çarpırdı. Hər ay tənəzzül getdikcə azaldı və 6 ayın yekun göstəricilərinə görə ölkə iqtisadiyyatı iki faiz artdı. Bu çox yaxşı göstəricidir. Nəzərə alsaq ki, bir sıra böyük dövlətlərdə hələ də iqtisadi tənəzzül yaşanır. Ölkəmizdə ilin sonuna qədər iqtisadi artım daha da yüksələcək. Qeyri neft sektorunun inkişafı sürətlə artır. Burada dağ mədən sənayesinin inkişaf etdirilməsi çox mühümdür. Daşkəsənin ənənəvi sahəsi olan qızıl və dəmir-filiz yataqları yenidən müasir texnologiyaların tətbiq edilməsi ilə canlandırılmağa başlanılmışdır. Burada təkcə qızıl deyil digər qiymətli metalların da tədarükü Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək. Eyni zamanda minlərlə yeni iş yerləri yaranacaq. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq kəskin azalacaq, ixrac imkanlarımız da yaranacaq. Uzun illər xarici şirkətlər işğal zamanı Azərbaycanın təbii sərvətləri olan qızıl və digər mədənləri istismar ediblər. Qiymətli daşlarımız qanunsuz yollarla xaricə daşınıb. Kəlbəcər və Zəngilan rayonlarında xarici şirkətlər tərəfindən istismar olunan qızıl yataqlarımızın təhlili aparılıb. Bununla bağlı müvafiq işlər görülüb və Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı dövlətimiz tərəfindən lazımi işlər də həyata keçirilir. Azərbaycanın iqtisadi gücünün göstəricilərindən biri də ölkəmizin valyuta ehtiyatlarının artmasıdır. Bu ilin 6 ayı ərzində valyuta ehtiyatlarımız 1 milyard ABŞ dolları həcmində artıb. Sözümün sonunda deməyi vacib bilirəm ki, cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və müdrik xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın həcmi getdikcə artmaqdadır və yeni bir mərhələyə qədəm qoymuşdur. Gələcəkdə bu əməkdaşlıq tək enerji məsələlərində deyil, digər sahələri də əhatə edəcək. Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ sözünü işlətməməsi, status barədə məsələnin müzakirə edilməməsi Avropa İttifaqı ilə Azərbaycan arasında gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə zəmin yaratmış olacaq. İndi Prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda böyük və sürətli bərpa işləri aparılır. Sevindirici haldır ki, bütün bu işlər valyuta ehtiyatlarımızın azalmasına səbəb olmadan öz vəsaitimiz hesabına aparılır və heç bir kredit götürülməyib. Bu gün Azərbaycanın valyuta ehtiyatları dövlət borcundan 6 dəfə çoxdur. Ölkəmizin ixracı 15 faiz artıb. Qeyri neft ixracı 27 faizdən yüksəkdir. Deməli ölkə büdcəsinə qeyri neft sektorundan gələn gəlirlər artmaqdadır. Bu gün Azərbaycan dünyanın gözü qarşısında dinamik və sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. İnanırıq ki, Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq.

Vüqar Cavadov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir