Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Baş verənlər təxribatların bir daha Ermənistanın qeyri-ciddi və sabit olmayan şəxslər tərəfindən yönəldiyini nümayiş etdirdi. Proseslərin təhlili deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmir, xarici havadarlarından aldıqları tapşırıqların əsirinə çevrilib. Paşinyan öz beynəlxalq himayədarlarından aldığı tapşırıqla hərəkət edir və qeyri-sabit siyasət yürüdür. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Bu səbəbdən rəsmi İrəvan dünyada hərbi cinayətkar ölkə kimi tanınılmalıdır. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. Bu tarixdə yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Ermənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. Eyni zamanda 13 sentyabr tarixində yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. Bütün bunlar erməni xislətinin məhsuludur və hökmən fiaskoya uğrayacaq. Ermənistan üzərinə götürdüyü öhdəlikləri zaman itirmədən icra etməli, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməli və eyni zamanda Zəngəzur dəhlizi mövzusunda üzərinə götürdüyü öhdəliyə əməl etməlidir.
Bildiyimiz kimi, hazırda ölkəmizdə qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası həyata keçirilir.Mövcud istiqamətdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatların səbəbi ola bilər. Ona görə də 13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”.
Ağaxan Ağayev,
Vətən müharibəsinin iştirakçısı