Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcərdə Dövlət bayrağının ucaldılması mərasimində Azərbaycan Ordusunun rəşadətindən geniş bəhs edərək bildirib ki, addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad edilsin. Biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!
Dövlət başçısı səfər zamanı bəzi vacib məqamlara toxunaraq, Ermənistanın sərhəddə törətdiyi təxribatlar və gərginliklər fonunda ölkəmizin prinsipial və qətiyyətli mövqeyini bir daha ifadə etdi. Ermənistana, onun havadarlarına açıq və konkret mesajlar verdi. Dövlət başçısının toxunduğu mühüm məsələlərdən biri də ermənilərin qədim Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki toponimlərimizi saxtalaşdırmaları, özününküləşdirmələri ilə bağlı olub. Məlumata görə, XX əsrin əvvəllərində bu gün Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ad dəyişdirilməsində məqsəd Azərbaycan izinin silinməsi olub.
Göyçə mahalında və Qərbi Zəngəzurda azərbaycanlıların yaşaması tarixi ədalətin bərpası ilə yanaşı, vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə, həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz torpaqlarında yaşasınlar. Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da ölkəmizin qarşısında yeni prioritetlər müəyyənləşdirib. Bu, həm tarixə, həm də gələcəyə əsaslanır.
Biz Azərbaycan vətəndaşları Prezidentin tövsiyəsinə tərəfdar olduğumuzu bildiririk. İndiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır. Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir. Bununla yanaşı, Naxçıvan-Ermənistan sərhədində gərginliklə bağlı mediada tarixi yer adlarına diqqət yetirilməlidir. Məsələn, hazırda Ermənistanın “Yerasx” kəndinin tarixi adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Jurnalistlərin yazılarında, dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, gələcək nəsillər bunu bilsinlər, o cümlədən erməni vəhşiliyini unutmasınlar. Bir sözlə, İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır, bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir.
Meyxoş Abdullah, yazıçı.