• Be. Fev 3rd, 2025

Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi

ByVuqar Ferzeliyev

Fev 3, 2025

Azərbaycan Respublikasında gənclər siyasətinin formalaşması və inkişafı dövlət prioritetlərindən biri kimi uzunmüddətli strategiyanın tərkib hissəsidir. 9 aprel 2002-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” Qanun bu sahədə hüquqi çərçivəni müəyyən edərək, gənc nəslin vətənpərvərlik, təhsil, sosial məsuliyyət və iqtisadi fəallıq istiqamətində dəstəklənməsinə zəmin yaratdı. Bu qanunvericilik aktı ilə gənclərin ictimai həyatda fəal iştirakı, istedadlarının inkişafı və milli dəyərlər əsasında tərbiyəsi dövlət siyasətinin əsas prinsipləri kimi təsdiqləndi.
Gənclər siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu tarixi əhəmiyyət daşıyır. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər tərəfindən irəli sürülən “azərbaycançılıq” ideologiyası çərçivəsində gənc nəslin vətənə sədaqət ruhunda yetişdirilməsi əsas hədəf kimi müəyyənləşdirildi. Heydər Əliyev bu məqsədlə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzaladı. Bu qərarla gənclərlə bağlı tədbirlərin əlaqələndirilməsi, onların həm təhsil, həm də idman sahəsində inkişafı üçün vahid strategiyanın həyata keçirilməsi mümkün oldu.
1990-cı illərdən etibarən gənclər siyasətinin prioritet istiqamətlərindən biri xaricdə təhsil alan istedadlı tələbələrin dəstəklənməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 70-80-ci illərin ənənələri bərpa edildi və yüzlərlə gənc dövlət hesabına beynəlxalq universitetlərdə təhsil almağa başladı. 2003-cü ilə qədər dünyanın 40-a yaxın ölkəsində 160 ixtisas üzrə 3 mindən çox azərbaycanlı tələbə təlim aldı. Türkiyədə təhsil alan 700 tələbəyə ildə 2,4 milyard manatlıq təqaüd ayrılması, habelə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərə “Prezident təqaüdü”nün təsis edilməsi bu siyasətin konkredit nümunələridir.
Gənclərin ictimai-siyasi proseslərdə iştirakını artırmaq məqsədilə 1996-cı ildən Azərbaycan Gəncləri Forumlarının təşkili ənənəsi yaradıldı. Forumların ilkində Heydər Əliyevin gənclərə müraciəti tarixi əhəmiyyət kəsb edir: “Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü və sabahı haqqında düşünməlidir”. 1997-ci ildə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi və bu təşəbbüs MDB məkanında ilk oldu.
Gənc istedadlara dəstək siyasəti çərçivəsində 1996-cı ildə “Qızıl Kitab” layihəsi həyata keçirildi. İstedadlı gənclərin adlarının daxil edildiyi bu kitaba əsasən xüsusi təqaüdlər təsis olundu. 1999-cu ildə isə “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin problemlərinin elmi təhlili üçün mərkəz yaradıldı və tədbirlər planı təsdiq edildi.
Prezident İlham Əliyevin dövründə də gənclər siyasəti davamlı şəkildə inkişaf etdirilir. 2022-ci ildəki çıxışında Prezident qeyd edib: “Azad, sabit və özünəgüvənən Azərbaycanda gənclər öz potensialını həm şəxsi inkişaf, həm də dövlət xeyrinə istiqamətləndirməlidir”. Bu prinsiplər əsasında gənc ailələrə sosial dəstək, təhsil və peşəkar hazırlıq proqramları, habelə innovativ layihələrin maliyyələşdirilməsi genişlənir.
Nəticə etibarilə, Azərbaycanda gənclər siyasəti təkcə qanunvericilik səviyyəsində deyil, həm də praktiki tədbirlərlə milli dəyərlər, innovasiya və beynəlxalq standartlar əsasında formalaşır. Tarixdən gələn təcrübə və müasir çağırışların sintezi gəncləri ölkənin inkişafının əsas qüvvəsinə çevirməkdə davam edir.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir