• Be. Noy 25th, 2024

Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri – FOTOLAR

Byadmin

Okt 12, 2021

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Mais Səfərlidir.

O, Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri olub.

Mais İsmayıl oğlu Səfərli 1958-ci il mayın 23-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
 
1988-ci ildə başlanan milli-azadlıq hərəkatına qoşulan Mais Səfərli ictimai-siyasi fəaliyyətilə tanınıb, 1993-cü  ildə isə Yurddaş Partiyasını yaradıb. Bu siyasi partiya 1993-cü il martın 12-də dövlət qeydiyyatına alınıb.

Mais Səfərli 1993-cü ildən 2020-ci ilin sonunadək Yurddaş Partiyasına sədrlik edib.

2001-ci il yanvarın 7-də 9 saylı Xətai birinci seçki dairəsindən İkinci çağırış Milli Məclisə deputat seçilib. O, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.


Mais Səfərli ilk dəfə Azərbaycanda ingilis dilində nəşr olunan “Baku Times” adlı qəzetin baş redaktoru olub. Milli Məclisin üzvü seçiləndə 42 yaşında idi.

O, 2020-ci il fevral ayının 9-da keçirilən növbədənkənar parlament seçkilərinda də iştirak etmək qərarı vermişdi. Hətta 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd kimi qeydiyyata da alınmışdı. Amma seçkilərə az qalmış namizədliyini geri götürmüşdü.

Partiya sədri qərarını bununla əsaslandırmışdı ki, Milli Məclisdə daha çox gənclərin təmsil olunmasını istədiyindən belə addım atıb.

“Hesab edirəm ki, Milli Məclisdə yaşlı insanlar da olmalıdır. Onların da təcrübəsinə, məsləhətlərinə böyük ehtiyac var. Amma bununla yanaşı, yeni baxışların, yeni fikirlərin parlamentə gətirilməsi prioritet olmalıdır. Ölkə başçısı da kadr siyasətində gənclərin bilik və təcrübələrinə üstünlük verir. Biz də bu kadr islahatlarını dəstəkləməliyik.
Gənclərin üstünlük təşkil etməsi Milli Məclisdə yaşlı deputatların olmaması anlamına gəlmir. Amma əvvəlki çağırış parlamentin özünü buraxmış yaşlı deputatlarının yenidən seçkilərə üz tutmasını məqbul hesab etmirəm. Baxmayaraq ki, mən özüm də o qədər yaşlı deyiləm. Amma düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim. Uzun illər Milli Məclisdə oturmuş, artıq pensiya yaşında olan deputatlar da, belə addımlar atsalar, daha məqsədəuyğun olar”, – deyə M.Səfərli o zaman Modern.az-a açıqlamasında bildirmişdi.


Mais Səfərlinin həyatdan belə tez köçəcəyini yəqin ki, heç kim gözləmirdi. Çünki 2020-ci iln dekabrında koronavirus səbəbiylə vəfat etməsi barədə xəbər yayılanda ilkin reaksiyalar onu tanıyan hamının təəccübləndiyini göstərirdi. 

Mais Səfərli bəşəriyyəti cənginə alan koronavirusla bağlı KİV-də tez-tez çıxışlar edir,  müsahibələr verirdi.

“Mən insanları diqqətli olmağa çağırır, dövlətin tətbiq etdiyi bütün şərtlərə əməl etməyi xahiş edirəm. Bizim hər birimizin məsuliyyətsizliyimizi təkcə özümüzün deyil, bütün yaxınlarımızın, doğmalarımızın həyatını təhlükəyə ata bilər”, – bu onun ötən il mətbuata verdiyi sonuncu açıqlamalarının biri idi. İnsanları COVID-19-a qarşı ehtiyatlı olmağa çağıran sabiq deputatın ağlına da gəlməzdi ki, elə məhz özü bu bəlanın qurbanı olacaq.

Mais bəyin vəfatından sonra sonra bacısı Gülay Quliyeva Yurddaş Partiyasının sədri seçildi.

Yurddaş-ın 1 mart 2021 tarixində keçirilən qurultayında onun hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi barədə qərar verildi. Yurddaş rəhbərliyi bunu onunla əsaslandırdı ki, “27 il işğalda qalan torpaqlarımızı bizə qaytaran, düşməni məğlub edən liderin sədr olduğu partiyaya birləşməyin, bundan sonra ona daha yaxından dəstək olmağın zamanıdır”. Və YAP-ın 5 mart 2021 tarixli növbədənkənar VII qurultayında Yurddaş hakim partiyaya birləşdi.

Beləcə, Mais Səfərlinin özü kimi, partiyası da siyasi səhnədən əriyib getdi.


Mais Səfərlinin tələbə yoldaşı olmuş yazıçı-publisist Nurəddin Ədiloğlu onunla bağlı xatirələrində bildirir: 


“Onun vaxtsız ölümü barədə qəfil xəbəri eşidəndə bir anlıq  42 il əvvələ qayıtdım, tələbəlik illəri kinolenti kimi gözlərimin önündən keçdi…
Mais ilk gündən fəallığına və natiqlik məharətinə görə hamımızdan seçilirdi. Çox zövqlə geyinirdi. Özü də Nərimanov rayon partiya komitəsinin təşkilat şöbəsində çalışırdı. Belə bir müdrik kəlam var: “İnsanın xarakteri onun taleyini müəyyənləşdirir”. Jurnalistika fakültəsində təhsil aldığımız vaxtlar Maisin xarakteri haqqında ilk təəssüratım təqribən belə idi: “Ağayana görünüşü olsa da, sifətində dövrün partiya işçilərinə xas olan sərt ifadə var. Bir az da qaraqabaqdı, adətən, yazıçılar belə adamların bədii portretini yaradanda “adamayovuşmaz” ifadəsini işlədirlər…”


Amma düz deyirmişlər, ilk təəssürat çox vaxt aldadıcı olurmuş. Mənim də, tələbə yoldaşım haqqında ilk təəssüratım çox çəkmədi ki, heçə-puça çıxdı.
42 yaşında deputat seçiləndən sonra siyasi səhnədə daha da çox tanındı…


…Bir dəfə İçərişəhər metrosunun qarşısındakı küçədən ötüb-keçəndə məni görcək maşınını saxlatdırdı. Pəhlivan cüssəli bir nəfərlə mənə yaxınlaşanda Mais ona “tələbə yoldaşımdır, qayıt maşında otur!” dedi. Fəhmlə başa düşdüm ki, bu adam onun şəxsi mühafizəçisidir. O gün Mais mehribancasına keçmiş tələbə yoldaşlarımizdan kimlərlə yaxın əlaqə saxladığımı soruşdu. Ordan-burdan söhbət edib xudafizləşdik. Sonra dəfələrlə görüşdük. Həmişə görüşəndə çöhrəsindən təbəssüm əskik olmayan Mais tələbə yoldaşlarımzla görüş təşkil etməyi təklif etdi.


…Deyir, həyat beşiklə məzar arasındakı sınaq müddətidir. Bizim 80-ci illərin nəsli son 30 ildə çox sınaqlara məruz qaldı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, dövlət çevrilişi, Gəncə qiyamı, müharibə, pandemiya… Son vaxtlar “Görünən daga bələdçi lazım deyil. Gəlin, özümüzün, doğmalarımızın, əzizlərimizin, sevdiklərimizin, xalqımızın sağlamlığını, genefondumuzu qoruyaq!.. Qayda və tövsiyələrə əməl etmək təkcə borcumuz deyil, həm də bizi xilas edən yoldur…”


…Həyat nə qəribədir. Koronavirusa yoluxmuş və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tələbə yoldaşımın çox çəkmədi ki, ölüm sorağını eşitdim. Beşiyi Qubadlı rayonunda yırğalanan Maisin ən böyük arzularından biri iğaldan azad olunmuş doğma ata-baba yurdunu görmək idi… Bacısı Gülayə deyir ki, Maisin tezliklə sağalıb Qubadlıya getməyi üçün nəziri vardı. Əfsus ki, arzular, xeyir-dualar, nəzir-niyazlar  alnımıza yazılan taleyi dəyişdirməyə qadir deyil…

Maisin ruhu Qələbə müjdəli bu payız günü göy üzündə köç edən durna qatarının karvanına qoşuldu…”. 


Bacısı Gülay Quliyeva Modern.az-a deyib ki, Mais Səfərlinin ölümü nəinki, ailəsi üçün, onu tanıyan hər kəs üçün ağır itki olub:

“O, bir ailədən deyil, bir eldən getdi. Doğurdur, hamımızın sonu axirətə getməkdir, amma hələ də nə Mais müəllimin ölümü ilə barışa, nə də onun yoxluğuna alışa bilirik. Çox çətindi, çox…”.

Gülay xanımın sözlərinə görə, qardaşı haqqında keçmiş zamanda danışmaq o qədər ağırdı  ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkir:

“O, çox mülayim, xoşxasiyyət, qayğıkeş, səmimi insan, qürur duyulası övlad, qardaş, ata, əmi, dayı idi. Eyni zamanda, qohumcanlı, dosta sadiq, böyük-kiçik yerini bilən, örnək olacaq bir şəxsiyyət idi. İnsanlara yardım, kömək etmək sanki onun hobbisi idi. Mais müəllim Vətəninin, xalqının sevincinə, acısına hər zaman şərik olan, fəaliyyətini dövlət və dövlətçiliyimizin qorunmasına həsr edən siyasətçi, cəmiyyətdə yüksək mədəniyyəti və savadı ilə sevilən bir ziyalı idi. O, hər zaman milli dəyərlərə söykənən davranışı və geyim mədəniyyəti ilə də seçilirdi.
Mais müəllim onu sevənlərin qəlbində hər zaman bu gözəl xüsusiyyətləri ilə yaşayacaq. Mən buna əminəm”.

Müsahibimiz mərhumun ailəsi barədə də məlumat verib:



“Mais müəllimin iki qızı, bir oğlu var. Böyük qızı Zöhrə ali təhsillidir, Türkiyə vətəndaşı ilə ailə qurub, Emin adlı bir oğlu var. Amerikada yaşayırlar. Çox gözəl ailəsi var.
Mais nəvəsinə çox bağlı idi, hər gün onunla görüntülü danışardı…

Digər övladları Məltəmlə İsmayıl isə əkizdilər. Hazırda 9-cu sinifdə oxuyurlar. Məltəm deyir ki, atası onun üçün ideal bir şəxsiyyət idi. Bu ideallığı onun xeyirxah, mərhəmətli, dərin biliyə malik olmağı, Vətənimizə, övladlarına olan sevgisi və digər faktorlar sübut edir. Məltəm söz verib ki, atasına verdiyi sözlərin hamısını gerçəkləşdirəcək, Mais müəllim isə cismən yanımızda olmasa da, ruhən bunu hiss edəcək. Məltəm elə indidən bizi və atasının ruhunu şad edir. Bu yaxınlarda Kimya fənni üzrə respublika birincisi oldu, qızıl medala layiq görüldü, Yay məktəbində liderlik müsabiqəsində birincilərin birincisi oldu.

Mais bəyin həyat yoldaşı Mətanət xanım da onun yoxluğuna heç cür dözə bilmir, yenə uşaqları ovundura bilirik, amma onu yox.

Mais Mətanət xanım üçün təkcə ömür-gün yoldaşı deyil, sirdaş, müəllim idi. İnsan hər şeyə öyrəşir, bircə varlığına alışdığın yaxınının yoxluğuna öyrəşə bilmirsən. Mətanət xanımın yeganə təskinlik tapdığı yer Maisin məzarını ziyarət edib, orda onunla dərdləşməkdi. Harda axtarsaq orada tapırıq onu…”.

Mais Səfərlinin doğma Qubadlı ilə bağlı arzuları varmış, amma ölüm hər şeyi yarıda qırdı.

Sabiq deputatın bacısı:

“Zalım fələk onun arzularını yarımçıq qoydu, illərlə həsrətini çəkdiyi, hər dəfə “Qubadlı” sözünü dilinə gətirəndə dərindən kös ötürdüyü, amma hər zaman da “İnşallah, dünyaya göz açdığımız o gözəl obamıza bir də qayıdacağıq” deyirdi. Qubadlı ilə bağlı xatirələri çox idi. Onları maraqla hər zaman övladlarına danışardı. Müharibə başlayanda oğlu İsmayıl dərsdən qaçıb Səfərbərlik şöbəsinə getmişdi ki, onu da cəbhəyə aparsınlar. Şöbədən zəng edib Mais müəllimə demişdilər ki, gedib oğlunu götürsün. 14 yaşlı İsmayılın bu hərəkəti Maisi həm kövrəltmişdi, həm də qürur hissi keçirmişdi.


Mais müəllim Birinci Qarabağ savaşında tez-tez Qubadlıda, Laçında döyüşən əsgərlərimizə yardım aparardı. Rəhmətlik Milli Qəhrəman Əliyar Əliyevlə dəfələrlə görüşüb, dərdləşmişdi.

İkinci Qarabağ müharibəsində də əsgərlərimizə yardım göndərmişdi. Onların rəşadətinə sevinirdi, deyirdi özüm də gedəcəm onları görməyə. Amma nə biləydi ki, koronavirusla bağlı insanları ehtiyatlı olmağa çağırdığı halda özü bu infeksiyanın qurbanına çevriləcək və Qubadlı həsrəti ilə dünyaya vida edəcək”.

Gülay Quliyeva deyir ki, bircə ondan təsəlli tapırlar ki, xəstəxanada həkimlər Mais bəyə Qubadlının işğaldan azad olunduğu günü söyləmişdilər:

“O da göz yaşlarını saxlaya bilməyib “çox şükür” deyibmiş”.

Bacısının sözlərinə görə, Mais Səfərli həyatla vidalaşmazdan əvvəl son sözündə “uşaqlarımdan muğayat olun” deyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir