Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanıldı. Tamamilə dağıdılmış rayon və şəhərlərimizdə işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını səmərəli surətdə həyata keçirmək üçün müvafiq inzibati idarəçiliyin qurulması tələb olunurdu. Bu məsələnin həlli üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institutu təsis edildi. İlk növbədə, Şuşa şəhəri, Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndələri təyin edildi. Mayın 4-də isə Prezident cənab İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin etməsi ölkə başçısının işğaldan azad olunmuş torpaqlara xüsusi diqqətinin göstəricisi olmaqla yanaşı, bu torpaqlarda həyata keçirilən işlərin və qarşıya qoyulmuş hədəflərin çevik və keyfiyyətli icrası baxımından əhəmiyyətlidir.
Azad edilmiş ərazilərdə qarşıda duran vacib məsələlərdən biri məşğulluqla bağlıdır. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycan və Türliyə Prezidentləri birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyublar. Bu, birinci, nümunəvi bir aqropark olacaq və getdikcə azad edilmiş torpaqlarda aqroparkların sayı daha çox olacaq. Təbii ki, Zəngilan rayonunda əsas məşğulluq sahəsi və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim bunun üçün çox əlverişlidir. Hazırda Ağalı kəndində yeni müəssisələrin yaradılması üzrə iş gedir. Bir müddət əvvəl dövlət başçısı göstəriş vermişdi ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olsun. Bu isə o deməkdir ki, həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar.
Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Prezident İlham Əliyev bildirib ki, bərpa olunmuş Zəngilan rayonunun “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqlarda quruculu, bərpa işləri apararaq insanları oraya qaytaracağıq. İnsanların orada normal yaşaması üçün hər bir şərait yaradacağıq. Hər kəs görəcək ki, işlərimiz planlı şəkildə aparılaraq insanların təhlükəsiz, rahat yaşayışını təmin edəcəyik.
Simran Əlizadə, Şiləvəngə İƏDN