• Be. Dek 9th, 2024

Görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə təhlükə var, düşməni dərhal yerindəcə məhv edəcəyik — Prezident

ByYenigun.news

May 28, 2021

“Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər”.

Yenigun.news xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində deyib.

Dövlət başçısı deyib:

“Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir