• Şb. Okt 12th, 2024

TARİXLƏR ŞAHİDİ GƏNCƏ – GÜNÜMÜZÜN TABLOSU

ByVuqar Ferzeliyev

Fev 2, 2022

Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində çox maraqlı məqamlara toxunulub. Qeyd olunub ki, son on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və bu şəhərə diqqət həmişə yüksək səviyyədə olub. Bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir.
Prezident qeyd edib ki, ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir, ancaq Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hələ ki, icra edilir. Bu çox maliyyətutumlu layihədir (təqribən 800 milyon manat dəyərində). Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Eyni zamanda, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Bu insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Lokomotiv deposuna çox böyük ehtiyac var. Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulmuşdur.
Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir. Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi çox böyük əhəmiyyətə malik idi.
Bütün bunlar bir vətəndaş kimi bizi olduqca sevindirir və qürurlandırır. Çünki Gəncə Azərbaycanın ikinci tarixi mərkəzidir, milli tariximizin mühüm hissəsi bu şəhərlə bağlıdır. Həyata keçirilən quruculuq tədbirlərindən ötrü Prezidentimizə təşəkkürümüzü bildiririk.
Aydın Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir