• C. Noy 1st, 2024

Vaksinasiya siyasəti dövlətimiz üçün prioritet vəzifədir

ByVuqar Ferzeliyev

Mar 1, 2022

Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Məhz, bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmağa nail oldu.
Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı məlumat verdi ki, Azərbaycanda vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı. Ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də alındı. Bununla da vaksinləri seçmək imkanı yarandı. Vaksinasiyanın könüllü olacağı qərara alındı. Bu günə qədər yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur;
Azərbaycan beynəlxalq səviyyədə həm kömək edən, həm də “vaksin millətçiliyi”nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdəndir. İnkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə onlarca dəfə aşağıdır. Üstəlik, inkişaf etmiş bəzi ölkələr, xüsusən ilk dövrdə, bu vaksinlərin çatışmadığı, onları əldə etməyin çox çətin olduğu dövrdə onları külli miqdarda alıblar və almaqda davam edirlər. İnkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün Azərbaycan başçılıq etdiyi Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilmişdir. Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyası da təşkil olunmuşdur. Azərbaycan təqribən 80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün Azərbaycan 10 milyon dollar könüllü ianə ayırıb və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirib.
Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması üçün yeganə üsuldur, pandemiyadan xilas olmağın yeganə yoludur. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Çünki vaksinasiya ilə həyat canlanacaq, insanların gündəlik həyatında sosial fəallıq artacaq. Xüsusilə də vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektlisi vaksinasiyadır. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir.

Fuad Əzizov, Göytəpə şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir