MDB ölkələrinin Rusiyanın Kazan şəhərindəki ilk Oyunlarında 2 000-dək idmançı iştirak edəcək.
Yenigun.news xəbər verir ki, bu barədə qonşu ölkənin idman naziri Oleq Matıtsin yarışa hazırlıqla bağlı müşavirədə açıqlama verib.
O, ilk Oyunlara iki aydan da az vaxtlarının qaldığını xatırladıb: “Hazırlıq dinamik rejimdə aparılır. Kazanda ümumilikdə 10 ölkədən 2 000-dək iştirakçını gözləyirik. Nümayəndə heyətlərinin xərclərinin təşkilatçılar hesabına qarşılanmasına dair qərar qəbul etmişik”.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Qabil Mehdiyev “Report”a açıqlamasında iştirakçı ölkələr sırasında Azərbaycanın da yer alacağını təsdiqləyib.
Qeyd edək ki, Kazandakı ilk MDB Oyunları 4 – 11 sentyabrda keçiriləcək. Öncədən yarışların 20 – 27 sentyabr 2020-ci ildə təşkili nəzərdə tutulub. Lakin koronavirus pandemiyası üzündən Oyunlar bu ilin sentyabrına təxirə salınıb. Yarışlara 14 – 23 yaşlı idmançılar qatılacaqlar.