Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Ulu öndər Heydər Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirmişdir.
Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixli görüşündə qeyd edildiyi kimi, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri var. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir.
Avropada birinci olmaq isə böyük nailiyyətdir. Ölkənin dövlət himniyeddi dəfə səsləndirildi. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar.
Prezident qalib idmançılarla görüşdə bir daha göstərib ki, ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır. İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.
Gənclərin fiziki tərbiyəsi, bu cəhətdən sağlam gənclər hazırlanması bu gün dövlət quruculuğumuzun ən vacib məsələlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün fəxrlə demək olar ki, respublikamızın hər bir guşəsində aparılan mükəmməl idman işi sayəsində gənclərimiz hər bir çətinliyi dəf etməyə hazırdır.
Elçin Hüseynov, Cəlilabad Gİİ-nin rəisi