Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi hakimiyyətə rəhbərlik etdiyi son 18 il hər birimizin düşüncəsinə qələbələr dövrü kimi daxil olmuşdur. Şübhəsizdir ki, bu qələbələrin ən mühümü erməni qəsbkarları üzərindəki tarixi Qələbəmiz oldu. Prezident idmançılarla görüşdə qeyd edib ki, bütün ötən illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənin torpaqlarımızdan qovulması. Azərbaycanda yetişən gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur.
Sirr deyil ki, gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz iftixarla söyləyə bilərik ki, qalib gənclərimiz həm də yüksək idmançı keyfiyyətlərinə malik olmuşlar.
Bu günlərdə Bolqarıstanda güləş üzrə keçirilmiş Avropa çempionatının qalibləri ilə görüşdə Prezidentimizin qeyd etdiyi kimi, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq Azərbaycan xalqı düşməndən intiqamı döyüş meydanında aldı. Düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər.
Bu da bir daha sübut edir ki, zəmanəmizdə cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.
Cavid Əsgərov, Cəlilabad OİK-nin direktoru