Bu gün Azərbaycanımızın işğaldan azad edilmiş bütün rayonlarında, o cümlədən Zəngilan rayonunda irimiqyaslı quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər, ən şəffaf mexanizmlər tətbiq ediləcək və insanların rahatlığı təmin olunacaq ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsın, orada rahat yaşasınlar.
Möhtərəm Prezidentimizin görüləcək işlərin planlı və sistemli şəkildə aparılacağını, təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf üçün bütün amillərin nəzərə alınacağını qeyd etməsi, Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa və yeni innovativ texnologiyalara əsaslanan yenidənqurma işlərinin aparılması, dövlət başçısının təşəbbüsü ilə ərazilərdə müasir, planlı şəhərsalmanın həyata keçirilməsi dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirir, həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir.
Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır.
Ağalı kəndində inşa edilən “Ağıllı kənd” layihəsinin istifadəyə verilməsilə keçmiş məcburi köçkünlərin ilk qrupu bu il orada məskunlaşacaq. Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bir sözlə, deyə bilərik ki, Zəngilan Azərbaycanın ən müasir və böyük əhəmiyyətə malik olan bölgəsinə çevriləcək.
Ələkbər Niftiyev, müəllim