• Ca. Okt 3rd, 2024

Vüqar Səfərli xanımının qəzetinə ayrılan 300 mindən danışdı

Byadmin

Sen 15, 2021

Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, V.Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib.

İttihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər obyekt sahiblərinə tam ödənilib: “Tədbirlərdə iştirak edən şəxslərin sayının az olması dəvət olunub iştirak etməyən şəxslərə görə ola bilərdi. Ancaq saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Hər zaman sərfəli təkliflər “Altun” və “Xəmsə” restoranları tərəfindən edildiyindən tədbirlər adıçəkilən restoranlarda tender və satınalma qaydalarına əməl edilməklə təşkil olunub. Həmin məbləğlər üzrə ayrılmış vəsait təyinatı üzrə xərclənib”.

KİVDF tərəfindən 2017-2018-ci illərdə 103 min manata yaxın dəftərxana ləvazimatlarının alınması ilə bağlı (dəri çanta, bloknot, kitab təqvim, asma təqvim, stolüstü təqvim, qələm və s.) rəsmiləşmənin saxta olması ittihamlarını da qəbul etməyən V.Səfərli ləvazimatların media nümayəndələrinə paylanıldığını, həmin məbləğin jurnalistlərə xərcləndiyini deyib: “Həmin ləvazimatlar həqiqətən alınıb və müxtəlif mətbuat işçilərinə verilib. Ancaq həmin ləvazimatların paylanılması ilə bağlı rəsmi sənədlər tərtib olunmayıb. Ləvazimatların eyni gündə mühasib tərəfindən qəbul edilib xərcə silinməsi qanun pozuntusudur”.

Vüqar Səfərli istintaqda Ramiz Mehdiyevin adını çəkdi – “Göstərişləri o verirdi”

Vüqar Səfərlinin mənimsəmə əməlləri ilə bağlı daha bir şübhəli məqam həyat yoldaşının adına olan “Futbol+Qol” qəzetinə 2015-2019-cu illərdə 300 min manat dövlət dəstəyinin ayrılması olub. O, bu faktla bağlı maliyyə yardımının digər qəzetlərə ayrıldığı kimi eyni qaydada aparıldığını bildirib: “Həqiqətən qəzetin təsisçisi həyat yoldaşım olub. Həmin qəzet Fond yaradılmamışdan qabaq da fəaliyyət göstərib. Qəzetə ayrılan yardım Fondun tələblərinə uyğun verilib. Qəzet də məbləği öz fəaliyyətinə xərcləyib”.

Qeyd edək ki, Vüqar Səfərli dövlətə məxsus 18,5 milyon manatı mənimsəməkdə təqsirli bilinir. Eyni zamanda onun vəzifə saxtakarlığı və cinayət yolu ilə 5,7 milyon manat mənimsədiyinə dair əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi ödənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir