• Şb. Fev 4th, 2023

Abidə yerindədir, öz saatını gözləyir!

ByYenigun.news

Dek 6, 2022

Kubra Məhərrəmova yazır…

Tarixin çox axmaq bir xasiyyəti var, təkrarlanır. Ona hətta spiralvari qanunauyğunluq da demək olar. Dövr edir, zaman keçir, eyni hadisə zaman fərqi ilə təkrarlanır. Hətta üzərindən iki, üç əsr belə keçsə reallıq dəyişmir, bir gün hökmən tarix yenidən təkrarlanır…

Məsələn Xudafərin körpüsü kimi. Bir zamanlar bu körpü tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirib. Cəbrayıl rayonu ərazisində yerləşən körpü 30 il erməni işğalı altında olub. 2020-ci il oktyabrın 18-də 44 günlük Vətən müharibəsi zamanı qəhrəman hərbçilərimiz sayəsində işğaldan azad olunub. 

Bu barədə ilk məlumatı da xalqa Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev öz “Twitter” səhifəsində verdi: 

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Bir qədər sonra ölkə başçısı növbəti “tweet”lə Xudafərin körpüsündən video paylaşdı.

Görüntülərdə Azərbaycan əsgəri Ali Baş Komandana Xudafərin körpüsünün düşməndən azad edilməsi ilə bağlı məruzə edir.

17 noyabrda isə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl və Füzuli rayonlarına səfər edərkən Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 

Bütün bunları tarixi ardıcıllıqla ona görə bir-bir qeyd edirəm ki, Xudafərin körpüsünün necə vacib olduğunu bir daha özümüz üçün müəyyən edək.

Daha sonra isə Prezident İlham Əliyev Xudafərin körpüsünü dostluq rəmzi adlandırmışdı. Yəni biz, qalib Azərbaycan dövləti olaraq İranı özümüzə qardaş görürük. Bu körpü də bizi birləşdirən, dostluq rəmzi kimi qəbul olunsun. 

Halbuki, elə 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə məhz İranın davranışları sayəsində biz daha çox şəhid verdik. Yolların İran tərəfindən bağlanılması faktı, Azərbaycan ordusunun irəliləməsində İranın maksimal dərəcədə maneə yaratması faktları da hamıya məlumdur.

Bundan başqa İran və molla rejiminin ünsürləri Ermənistana mümkün olan bütün dəstəyi göstərdilər. İstər siyasi, istər hərbi, istərsə də humanitar. Və bütün bunları “islam qardaşlığı”, “şiə qardaşlığı” altında elədi.

Mən bu fikrimdə tam qətiyəm ki, İranın imkanı olsaydı Ermənistana qoşulub açıq hərbi birləşmə yaradardı ki, bizi tam məhv eləsin. İranın Azərbaycanın şanlı qələbəsindən sonra bizə qarşı etdikləri də göz qabağındadır. Molla rejiminin Azərbaycan ərazilərində olan qanunsuz erməni hərbi birləşmələrinə göndərdiyi silah-sursat, humanitar yardım adı ilə göndərdiyi yanacaq və s. təminatlardan da xəbərimiz var, bilirik və görürük. Bunu təsdiq edən foto və videogörüntülər də var. İctimaiyyətə də təqdim olunub. 

Daha sonra dəfələrlə Azərbaycanın sərhədlərində hərbi təlim keçirməsi, bunun qarşılığında ölkə başçısı İlham Əliyevin “niyə 30 il ərzində İran hərbi təlim keçirtmədi?” haqlı sualının səsləndirilməsi rəsmi Bakının Tehrana çox dəqiq mesajı idi.

Rəsmi Bakı ritorikadan savayı Tehrana dəfələrlə öz mesajını göndərib. İranla sərhəddə keçirilən hərbi təlimlər də bu mesajların açıq tərkib hissəsidir desək, yanılmarıq. Elə ölkə başçısı İlham Əliyevin öz çıxışında “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”, deməsi də bu mesajın ən yüksək səviyyədə səsləndirilməsi, dilə gətirilməsi idi.

Sirr deyil ki, İranın hərbi təlimlər zamanı Araz çayı üzərindən ponton körpülər atması rəsmi Bakının səbir kasasının ölçülməsinə hesablanmışdı.

İki gündür Azərbaycan və Türkiyə hərbçilərinin İranla sərhəddə birgə təlimindən foto və videomateriallar media paylaşılır. Dünən isə Azərbaycan – Türkiyə birgə hərbi təlimlərində “F-16” qırıcılarının da iştirak etməsi barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yaydı.  Nazirliyin sosial şəbəkə səhifəsində müvafiq videogörüntülər də paylaşıldı. Paralel olaraq isə Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti birgə təlimləri izləmək məqsədilə Azərbaycana səfər etdi. Prezident İlham Əliyev Türkiyə müdafiə naziri Hulusi Akarı və onu müşayiət edən heyəti qəbul etdi.

Bütün bu hadisələrdən sonra Tehranın bağrı çatlamazmı? Çatlayar!

Mənim üçün isə son günlərin ən möhtəşəm görüntüsü Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi zamanı Araz çayı üzərindən ponton körpü atması oldu. Bu da növbəti möhkəm ismarış idi ki, yəni pontonu belə atarlar!

Çox təəssüf ki, İran bizim dostluq münasibətimizi dəyərləndirməyib, Ermənistana qarşı it kimi sədaqətli olduğunu bir daha sübut etdi. Dostluq körpüsünü ponton körpü ilə əvəz etməyə İran başladı, məcbur etdi ki, biz də qılınc, qalxanımızı qurşanaq. 

Körpüləri yandırmaq lazım deyildi, Xamanei!

Biz isə gedəndə körpüləri deyil, bütün portu yandırıb gedirik. Elə yandırırıq ki, külü də qalmır. 

Xudafərin körpüsü ilə bağlı qeyd etdiyim faktı isə bir daha yada salıram. Qoy qalsın burada. Bu körpü tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirib. Tarix isə təkrarlanmağı sevir. Həm də ki, abidə yerindədir. Demək ki, öz saatını gözləyir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir