• Ç. Dek 7th, 2022

Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb – FOTO

ByYenigun.news

İyl 1, 2022

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi ilə hava əlaqələri haqqında saziş imzalayıb.

RİNN-dən verilən məlumata görə, sənədə nazir Rəşad Nəbiyevin İsrailə işgüzar səfəri çərçivəsində imza atılıb. Saziş Azərbaycan və İsrail vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq, turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri xanım Merav Miçaeli iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edərək hava əlaqələri haqqında sazişi yüksək qiymətləndirib. Görüş zamanı İsrail və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda səfər çərçivəsində İsrailin turizm naziri, İsrail – Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Konstantin Yoel Razvozovla görüş keçirilib. Görüşdə turizm sahəsində potensial əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edən nazir Rəşad Nəbiyev ötən il İsraildə açılmış Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin fəaliyyətini təqdir edib. Erməni işğalından azad edilmiş ərazilərdə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələrdən və Zəngəzur dəhlizinin açılmasından danışan nazır Qarabağ regionunun turizm imkanlarından da bəhs edib.

Konstantin Yoel Razvozov bildirib ki, bu il İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Azərbaycanla son iki ildə əməkdaşlıq və strateji tərəfdaşlıq yeni müstəviyə qədəm qoyub. Bu gün əməkdaşlıq istiqamətlərinə təhlükəsizlik, kənd təsərrüfatı, enerji, su təchizatı, səhiyyə, eləcə də turizm kimi mühüm sahələr daxildir. İsrailin turizm naziri bütün sahələrdə tərəfdaşlığı daha fəal şəkildə inkişaf etdirməyin vacibliyini vurğulayıb.

R.Nəbiyev İsrail Rəqəmsal İşlər Qurumunun icraçı direktoru Dror Binlə görüşüb. Görüşdə “Hökumət buludu”, “Elektron hökumət” istiqamətlərində müzakirələr aparılıb, İsrail tərəfi bu sahədə öz təcrübəsini bölüşüb.

İsrailin Kosmik Agentliyinin direktoru Uri Oronla keçirilən görüşdə isə “Azərkosmos”la əməkdaşlıq çərçivəsində İsrail şirkətlərinə Avropa, Yaxın Şərq və Afrika regionu üzrə göstərilən yayım təminatı dəstəyi barədə danışılıb. Görüşdə İsrailin kosmik elm sənayesi və elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İsrail agentlikləri və şirkətləri 2023-cü ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində yaxından iştiraka dəvət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir