• Bz. Noy 10th, 2024

Azərbaycan nümayəndə heyəti “UN-Habitat” ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

ByYenigun.news

İyn 29, 2022

Polşanın Katovitsa şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti ilə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif arasında görüş keçirilib.

“Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbiri xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycanın “UN-Habitat” ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa işləri digər ölkələr üçün postmünaqişə dövründə yenidənqurma baxımından əla nümunədir.

Anar Quliyev oktyabr ayında Azərbaycanda Milli Şəhər Forumunun keçirilməsi planları haqqında danışıb.

“Bu tədbir Azərbaycanın bu əraziləri yenidən həyata qaytarmaq üçün hansı işləri gördüyünü dünyaya nümayiş etdirmək üçün yaxşı imkan olacaq”, – Dövlət Komitəsinin sədri deyib.

O, diqqəti minalarla çirklənmə məsələsinə yönəldərək, bunun həmin ərazilərin bərpasını və yerli sakinlərin geri qaytarılmasını çətinləşdirdiyini bildirib.

Görüşdə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) Azərbaycanda iştirakı məsələsi, həmçinin “UN-Habitat”ın texniki missiyasının sentyabr ayında Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.

İcraçı direktor proqrama 1,5 milyon ABŞ dolları dəyərində maliyyə yardımı etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib. Maimuna Mohd Şərif Azərbaycan və “UN-Habitat” arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycanda Milli Şəhər Forumunun keçirilməsi gələcək əməkdaşlığın perspektivli sahələrini müəyyən etməyə imkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir