• Be. Dek 9th, 2024

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirildi

ByYenigun.news

May 30, 2022

Beynəlxalq Əmək Konfransının 110-cu sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin əmək nazirlərinin videokonfrans formatında iclası keçirilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə keçirilən iclas COVID-19 kontekstində Qoşulmama Hərəkatı ölkələrində ortaya çıxan çağırışlarla bağlı sosial sahədə, habelə əmək bazarı və əmək hüquqlarının təminatı, işçilərin, həssas qrupların sosial müdafiəsi ilə bağlı fəaliyyət istiqamətlərinə həsr olunub.

S.Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) layiqli əmək konsepsiyasına əsaslanan sosial ədalətin bərqərar edilməsinin Qoşulmama Hərəkatı üçün də ən mühüm istiqamətlər olduğunu, 60 ildir fəaliyyət göstərən qurumun əhəmiyyətinin son zamanlar yeni çağırışlarla daha da artdığını qeyd edib.

Nazir Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsində ardıcıl səylərini diqqətə çatdırıb. Ölkəmizin təşəbbüsü olan, Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamənin ötən ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasında qəbul edildiyini bildirib. 

Nazir Azərbaycanın pandemiya ilə mübarizə üçün Qoşulmama Hərəkatına üzv dövlətləri də daxil olmaqla 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, bir sıra ölkələrə təmənnasız olaraq peyvəndlər verdiyini və s. bildirib.

Azərbaycanda əldə olunan nailiyyətləri qeyd edən S.Babayev son 3 ildə ölkəmizdə 4 milyon insanı əhatə edən 3 sosial islahat paketi həyata keçirildiyini, əlavə olaraq illik 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) vəsait ayrıldığını deyib. Həmin dövrdə sosial müavinətlərin 2,7 dəfə, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 75 faiz, minimum əmək haqqının 2,3 dəfə, əmək haqqı fondunun 2,2 dəfə artdığını bildirib. 

Yeni istifadəyə verilən “Əmək və məşğulluq” e-sisteminin əhəmiyyətini, 154 növ sosial xidmətin vahid platformadan şəffaf və operativ şəkildə təqdim edildiyi DOST mərkəzlərinin yüksək vətəndaş məmnunluğu əldə etdiyini diqqətə çatdırıb. Əmək, məşğulluq, sosial müdafiə üzrə 110 xidmətin tam avtomatlaşdırıldığını, onların yarısının proaktiv xidmətlər olduğunu bildirib.

S.Babayev 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın otuz illik işğalından azad edildiyini, Ermənistan tərəfindən xarabalığa çevrilmiş həmin ərazilərdə smart konsepsiyalar əsasında aparılan yenidənqurma və bərpa işlərini diqqətə çatdırıb. 

Daha sonra iclasın gündəliyi qəbul edilib, BƏT-in Baş Direktoru Qay Rayderin, üzv dövlətlərin nümayəndələrinin çıxışları olub, ümumi müzakirələr aparılıb. İclasın yekunu olaraq Qoşulmama Hərəkatının əmək nazirlərinin Bəyannaməsi qəbul edilib.

Bəyannamədə COVID-19-un mənfi təsirlərinin aradan qaldırılması istiqamətində birgə səylərin artırılmasının, həmrəyliyin, əmək bazarı islahatlarının davam etdirilməsinin, xüsusilə həssas qrupların əmək bazarına inteqrasiyasının gücləndirilməsinin xüsusi önəmi ifadə edilir. Əmək, məşğulluq, sosial müdafiə sahələrində innovativ yeniliklərin, rəqəmsal platformaların və əlaqəli texnoloji yeniliklərin geniş şəkildə tətbiqinin, sosial dialoqun, yeni strategiyaların hazırlanmasının əhəmiyyəti, aktiv məşğulluq proqramlarının genişləndirilməsi zərurəti və s. qeyd edilir. Əmək bazarı islahatlarında BƏT-lə fəal əməkdaşlıq təşviq olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir