• Be. Fev 26th, 2024

Azərbaycanla Rusiya arasında yeni saziş İMZALANDI: Erməni təbliğatı bloklanır – ŞƏRH

ByYenigun.news

İyn 24, 2022

İyunun 24-də Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında “Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb.

Sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov imzalayıblar.

Bu sənəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədilə hazırlanıb.

Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər müəyyən edilir. Sazişə əsasən, həmin təhdidlər bunlardır:

– dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;

– mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;

– terrorçuluğun təbliğatı və terror məqsədləri;

– dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;

– millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;

– vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.

Sazişə əsasən, Azərbaycan və Rusiya təhlükəsizlik və sabitliyin qorunub-saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörməti ifadə edirlər.

Mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət də bu siyahıya daxildir.

Həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi öz əksini tapıb.

Bu saziş tərəflər üzərinə bərabərhüquqlu öhdəliklər qoyur.

Saziş Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklayacaq.  

Həmçinin erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə olacaq.

Qarabağ separatçıları Azərbaycan-Rusiya arasında yeni sazişlə bağlı təşviş içində qalacaqlar. Azərbaycan yeni sazişlə terrorçuluğa qarşı mübarizəni gücləndirəcək.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir