• Be. Okt 14th, 2024

Azərbaycanla Türkiyə arasında daha bir Anlaşma Memorandumu imzalandı — FOTOLAR

ByYenigun.news

İyn 29, 2021

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) dəvəti ilə işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə qardaş Tükiyə rəhbərliyinin və xalqının göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. O, Ermənistanın uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə etinasız yanaşaraq torpaqlarımızın iyirmi faizini işğal altında saxlaması səbəbindən insan hüquqlarının kobud surətdə pozulması faktlarına, habelə bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin uzun müddət səssiz qaldığını vurğulayıb.

Öz növbəsində TİHEK-in rəhbəri Süleyman Arslan dəvətə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, müharibə nəticəsində zərər çəkmiş ərazilərdə yerində araşdırmalar aparılması baxımından bu səfər xüsusi önəm daşıyır. S.Arslan çıxışı zamanı qurumlar arasında əlaqələrin genişləndirilməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan təsisatın Aparatının fəaliyyəti barəsində ümumi məlumat verib. Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə məruzə ilə Aparat rəhbərinin müavini Rəşid Rumzadə çıxış edib. Çıxışlardan sonra Aparatın şöbə müdiri Zaur Vəliməmmədli 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Ombudsmanın fəaliyyətinə dair təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsi, müvafiq sahədə birgə təlim və tədqiqatların aparılması, qarşılıqlı maraq doğuran informasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə əməkdaşlıq etməkdir.

Səfər barəsində digər təfərrüatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir