• Şb. İyl 13th, 2024

Bayden BMT-ni dəyişmək istəyir – TƏHLİL

ByYenigun.news

Sen 18, 2023


ABŞ Prezidenti Co Bayden BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) sırasını Hindistan, Braziliya, Almaniya, Cənubi Afrika və Yaponiya hesabına genişləndirmək niyyətindədir.

“The Telegraph” yazır ki, Bayden daimi üzvlük platformasında Rusiya və Çinin gücünü kompensasiya etmək üçün onu yenidən strukturlaşdırmağa çalışır.

Öncəliklə deyək ki, dünyanın aparıcı orqanının yenidən qurulması ilə bağlı uzun müddətdir təşəbbüs göstərənlər sırasında Azərbaycan Prezidenti İlham Əliyev, dövlətin strateji müttəfiqi Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da var.

Yəni BMT-də islahatlar sırf Bayden administrasiyasının ideyası deyil, sadəcə olaraq, ABŞ-nin əlində təsir imkanları çoxdur.

ABŞ-nin BMT Təhlükəsizlik Şurasının arxitekturasına yeni nöqteyi-nəzərlə baxış bucağına gəlincə, bu, onun qlobal təşəbbüslərdə söz sahibliyini saxlamaq cəhdinin davamı kimi başa düşülə bilər.

Nəzərdə tutmaq lazımdır ki, ABŞ Hindistanla mövqeyini oxşar tərəziyə qoyur, onun alternativ güc kimi imkanlarından Çinin ekspansiyasına qarşı istifadəyə çalışır.

ABŞ-nin xeyir-duası ilə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin yaradılması haqqında əldə edilmiş razılıq Çinin Şərq-Qərb Beynəlxalq Nəqliyyat Marşrutuna rəqib kimi qiymətə malikdir.

Bu mənada ABŞ-nin Hindistanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dəyərləndirməsi ABŞ-nin uzaq perspektiv üçün Nyu-Delhi ilə əməkdaşlığının strateji səviyyədə dərinləşəcəyindən bəhs edir.

Braziliya, Cənubi Afrika ilə bağlı məqamları da buraya əlavə edəndə ABŞ-nin Rusiyanın xeyir götürdüyü BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) təsisatını parçalamaq niyyətləri görünür.

Yaponiya, onsuz da, ABŞ-nin müttəfiqidir, Almaniya isə NATO üzvüdür – bütün oxlar Vaşinqtonun təsirli rıçaqlarla BMT-də islahat aparmağa çalışdığını göstərir.

Ümumi fon isə ABŞ-nin lehinə olan rəngdə deyil, çünki onun formatlamaq təşəbbüsünün digər daimi üzvlər tərəfindən necə qarşılanacağı sual altındadır.

ABŞ-yə ən ciddi dəstək Böyük Britaniyadan gələ bilər, Fransanın isə NATO üzvü olmasına baxmayaraq, Baydenin paketinə “hə” deyəcəyi ehtimalları azdır.

Digərlərindən – Rusiya və Çin – danışmağa heç dəyməz, çünki onlar ABŞ-nin qlobal rəqabətdə yeni alətlər qazanmasını həzmə verən deyillər.

ABŞ-nin Ukraynadakı müharibədən strateji fayda götürmək qabiliyyətini inkişaf etdirməsi BMT-yə münasibətdə də özünü göstərir, deməli, Vaşinqton qlobal nizamı postmüharibə dövrünə hazırlayır. Burada onun üçün Rusiya və Çinlə əməkdaşlıq zəif, Hindistanla isə yüksək səviyyəli şəkildə təsvir edilir.

Hər bir halda, ABŞ-nin təşəbbüsü BMT Təhlükəsizlik Şurasının fəaliyyət göstərə bilməməsi, beynəlxalq sülh və təhlükəsizlikdə rolunu heçə endirməsi ilə bağlı verilən bəyanatların dəqiqliyini bir daha sübut edir.

Yəni BMT-də islahatlar üçün təkanlar çoxdur, ancaq təəssüf ki, belə təşviqlər öz mənbəyini müharibələrdən və onun fəsadlarından götürür.

Lakin qlobal siyasi sistemdə çoxillik və çətin problemlər nəzərə alınanda Baydenin BMT Təhlükəsizlik Şurasının tərkibini böyütmək səyləri çoxtərəfli diplomatiya dalğasını genişləndirməklə nəticə verə bilər.

Yəni Ağ Ev rəqib olsa da, Rusiya və Çinlə gərgin müzakirələr atmosferinə girişməyi öhdəsinə götürər, təki istədiyinə çatsın.

İnanmaq çətindir ki, BMT-də qeyd olunan islahat reallaşsa, bu, gələcək nəsilləri müharibə bəlasından xilas edəcək. Çünki qlobal güclər ali məqsədlərinə fəlakətli müharibələrlə nail olmaq cəhdlərini davam etdirəcəklər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir