• Bz. Fev 5th, 2023

Blinkenin Əliyevlə danışığındakı İKİ QAT – TƏHLİL

ByYenigun.news

Yan 24, 2023

Rusiyanın Ruben Vardanyanı Qarabağda saxlamaq cəhdləri, Qərbin Şuşa-Xankəndi yolundakı aksiyalara “humanitar fəlakət var” bağırtısı səpkisində münasibəti regiondakı etimad mühitini şübhə altına alır.

ABŞ Dövlət katibi Antoni Blinken bu şübhələri öz dövlətinin məntiqi ilə dağıtmaq üçün yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Diplomatik təmaslar etibarlı həll variantıdır, amma təhlükəsizlik qavrayışlarındakı fərqlər tənzimləmələri axsadır.

Azərbaycan tərəfinin telefon danışığına dair yaydığı rəsmi informasiyada Blinken-Əliyev danışığının gərgin keçdiyini göstərən əlamət var.

ABŞ ilə Azərbaycan insan hüquqlarına yanaşma məsələsində heç cür çəkici eyni nöqtəyə vurmurlar.

Çünki Vaşinqton bu mövzunu qlobal ekspansiya siyasətinin mərkəzində tutur, Azərbaycan isə eyni məzmuna konstitusion hüquq kimi baxır.

Yəni Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini və hüquqlarını öz Konstitusiyasının tələbləri çərçivəsində görürsə, ABŞ bunu fərqli meyarla dəyərləndirir.

Belə fərqlər ABŞ ilə Azərbaycan münasibətlərindəki mübahisəli tezislərin başında dayanır, lakin iki ölkənin tərəfdaşlığı və əməkdaşlığına zərbə vurmaq qabiliyyətinə yüksəlmir.

Azərbaycanın Blinken-Əliyev danışığı haqqında yaydığı rəsmi məlumatda Prezidentin dövlət katibinə Laçın yolundakı vəziyyəti daha çox izah etdiyinə diqqət ayrılıb.

ABŞ Dövlət Departamenti isə məlumatında Blinkenin “humanitar böhran riskləri” tezisini qabardıb və Laçın yolunun təcili olaraq nəqliyyat üçün açılmasını istədiyini önə çıxarıb.

Dövlət Departamentinin məlumatında bir məqamın altından qırmızı xətt çəkilə bilər. Bu həmin cümlədir ki, Blinken Əliyevi Ermənistanla münasibətlərin tənzimlənməsi üçün səyləri ikiqat artırmağa çağırıb.

Həmin cümlənin özü də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iplərin Azərbaycanın əlində olduğunun bəyan edilməsidir.

ABŞ bilir ki, Azərbaycan sülh alətlərinin effektiv olması üçün həmin modeli Ermənistana təzyiqlərlə inkişaf etdirir. Azərbaycanın Ermənistana təzyiqləri ilə Rusiyanın İrəvana basqıları arasında fərqlər olsa da, ümumi yanaşmada Bakı ilə Moskvanın xətləri birləşir.

ABŞ-ni sarsıdan Kremlin Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı yerindən bərk yapışmasıdır. Azərbaycan isə burada Rusiyaya müttəfiq nəzərilə baxmır, sadəcə, təhlükəsizlik səbəbi ilə bəzi nüanslarda Moskva ilə razılaşmaların vacib olduğunu dərk edir.

Bakının balanslı məntiqi Vaşinqtona münasibətdə də özünü göstərir, yəni yeri gələndə Rusiyanın regiondakı ambisiyalarının səsini azaltmaq üçün Vaşinqtonla əməkdaşlıq ruhu yenilənir.

Lakin Azərbaycanın tutduğu mövqe Rusiya ilə ABŞ-nin bir-birilə mübarizəsini zəiflətmir, ən çətini isə onların Azərbaycanla yanaşı, Türkiyəni də öz tərəflərində tutmaq üçün atdıqları addımlardır.

İki qütbün uclarında dayanan Moskva ilə Vaşinqton Türkiyəni bir-birinə qarşı rəqabətdə tarazlaşdırıcı güc kimi görürlər, amma Ankara tərəzinin gözünü Rusiyaya doğru əyir.

Regionun Azərbaycan-Türkiyə-Rusiya, yoxsa Azərbaycan-Türkiyə-Qərb üçbucağının içərisinə alınması mövzusunda ABŞ-nin narahatlıqları var. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə qurduğu əməkdaşlıq sferası ilə Ağ Ev regiondakı gücünü itirir.

Ona görə ki, ABŞ-nin Cənubi Qafqazdakı hədəflərinə çatmasında Türkiyənin böyük rolu var, hərçənd ki, Ankara Qərbin ona qarşı həmlələrindən dolayı ağırlığı Moskvanın üzərinə salır.

Ağ Ev buna özünün regional qara günləri kimi baxır və həmin yanaşma Azərbaycanla münasibətlərə təsirsiz ötüşmür.

Bütün bunlara rəğmən, ABŞ ilə Rusiyanın ulduzu Vardanyanın obrazında barışır – məsələyə yanaşmalarda fərqli meyarlar olsa da.

Rusiya Vardanyanı Qarabağda daha böyük layihənin icrası üçün “məşq etdirir”, ABŞ isə Vardanyandan erməni hüquqlarının müdafiəsinə bəhanə tapmaq üçün istifadə edir.

Azərbaycan Vardanyan rudimentinin siyasi yollarla kəsilib atılmasında maraqlıdır, ancaq bu dəfə Ermənistanla sərhədlərin müəyyənləşməsi məsələsində problemlər ortaya çıxır ki, Bakı hərbi tətbiqləri gündəliyə daşıyır.

Blinkenin Əliyevə çağırışındakı İKİ QAT Azərbaycanın danışıqlarda hərbi güc amilini qabartdığını göstərə bilər. Blinken, mümkündür ki, Azərbaycan tərəfini sakitləşdirmək üçün Əliyevə zəng edib, Bakı isə artıq səbrinin hədlərini müəyyən edir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir