• Şb. Apr 27th, 2024

“Donmuş” ərazidəki partlayışlar: Rusiya ilə Qərb qarşıdurması daha bir ölkəyə təhdid yaradır – TƏHLİL + XƏRİTƏ

ByYenigun.news

Apr 27, 2022

Rusiya-Ukrayna müharibəsində yaranan ocaqların qığılcımlarının başqa regionlara yayılması riskləri getdikcə artır.

Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində də Moskvanın dondurulmuş münaqişələrin yerləşdiyi ərazilərdə hərbi ekspansiya siyasəti aparacağına dair ehtimallar ortaya atılırdı.

Artıq bunun toxumu səpildi, indi Moldova öz ərazisi olan Dnestryanı regionu ilə təhdid olunur və sınağa çəkilir. Qondarma Dnestryanı respublikasında baş verən partlayış qlobal çəkişmənin növbəti elementidir, amma bunun ağırlığı gücü və resursları zəif olan Moldovanın üzərinə çökür.

Moldova üçün bu imtahanı kim yaradır, Rusiya yoxsa Qərb?

Hər iki versiya üzərindən məntiqli nəticə çıxarmaq mümkündür və ikisi də bir-birilə əlaqəlidir.

Qərb üçün sərf edən məqamlar:

1. 30 illik tarixi olan münaqişəni qızışdırmaqla Rusiyanı yeni oyunun içərisinə salmaq və onu yorğun salmaq,

2. Ukraynadakı müharibənin vaxtını uzatmaq və Moskvanın Ukrayna torpaqlarından çıxmasını təmin etmək.

Rusiya üçün faydalar:

1. Ukraynanın cənub cinahından Dnestryanıya dəhliz yaratmaq (bunun üçün Odessa tutulmalıdır),

2. Elə buna görə də Rusiya Dnestryanıdakı hərbi kontingentindən Odessanı ələ keçirmək üçün istifadə edə bilər,

3. Rusiya istəyinə çatarsa, Dnestryanıda Moldovanın içərilərinə irəliləmək və Avropaya qarşı cəbhəni gücləndirmək imkanı qazanacaq.

Rusiyanın Qərbə, Qərbin də Moskvanın mümkün ssenarilərinə qarşı əks-planları mövcuddur, amma onların sxemini cızmaq hələlik tezdir.

Moldova isə öz ərazisi üzərindən qurulan oyunların yeni təhlükəli istiqamətlər yaratmamasına çalışır, buna görə də maksimum ehtiyatlı mövqedə dayanır.

Rusiyanın hərbi əməliyyatlarda böyük logistika problemi olduğuna görə onun istədiklərinə asanlıqla nail olması mümkünsüz görünür.

Nəticədə, əgər Moldova hərbi təhdidlə üzləşəcəksə, o, NATO-dan yardım istəyəcək və bununla da Rusiya-NATO qarşıdurması yeni mərhələyə adlayacaq.

Digər tərəfdən isə Avropa üçün humanitar böhranın miqyası genişlənəcək…  

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir