• Be. Dek 9th, 2024

Engin Özer: “Ermənistanda hansısa çevriliş ehtimalını istisna etmək mümkün deyil” – ANKARADAN MÜSAHİBƏ

ByYenigun.news

May 11, 2022

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı Ermənistanda müzakirələr davam edir. Etirazların arası kəsilmədiyi müddətdə erməni müxalifəti həm də Ermənistanla Türkiyə arasında sərhədin demarkasiyasına qarşı mövqe nümayiş etdirir. Hətta Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı heç bir müzakirə aparılmadığı və bu məsələnin gündəmdə olmadığı ilə bağlı açıqlama verməyə məcbur olub.

Türkiyəli politoloq Engin Özer Oxu.Az-a müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı fikirlərini bölüşüb.

– Türkiyə İrəvandakı etirazlar, Ermənistanla Türkiyə arasında sərhədlərin demarkasiyasının istənilməməsi məsələlərinə diqqət yetirilirmi? Bu yöndə etirazçıların mövqeyi qəribədir, belə ki, sərhəd artıq mövcuddur və Türkiyə sərhədçiləri tərəfindən qorunur.

– Təbii ki, Türkiyə Ermənistanda baş verənləri, etirazları müşahidə altında saxlayır. Və belə bir vəziyyət mövcuddur ki, Ermənistanın baş naziri Nikol Paşinyana dəstək səviyyəsi azalmayıb. Əksinə, Ermənistanda daşnaklar və Serj Sarqsyanla Robert Köçəryanın rəhbərlik etdiyi “Qarabağ klanı” fəallaşsa da, Paşinyanın mövqeləri getdikcə güclənir.

Amma istənilən halda, bu ölkədəki qeyri-sabit vəziyyəti nəzərə alaraq, Ermənistanda hansısa dövlət çevrilişi ehtimalını istisna etmək mümkün deyil. Belə olduğu halda Ermənistanla münasibətlərin normallaşması prosesinə son veriləcək. Və tamamilə mümkündür ki, bu, Türkiyənin təşəbbüsü ilə baş verəcək. Ankara Azərbaycan ərazisinin müəyyən hissəsini işğal etmək niyyətini ifadə etməyə davam edən insanlarla danışıqlara getməyəcək. Amma erməni xalqı əksər hallarda revanşistləri, “Qarabağ klanı”nı dəstəkləmir.

– Sərhədin demarkasiyasının istənilməməsi barədə nə düşünürsünüz? Bu, Ermənistanın Türkiyəyə qarşı hələ də ərazi iddiasında olduğu anlamına gələ bilərmi?

– Burada iki mühüm məqam var. Birincisi, Nikol Paşinyan, görünür, iqtidarla müxalifət arasında gərginliyi azaltmaq istəyir, Ermənistan XİN-in Türkiyə ilə sərhədin demarkasiyasına dair danışıqları istisna etməsi ilə bağlı bəyanatı da bu səbəbdəndir.

İkincisi, sərhədin demarkasiyası yalnız Türkiyə və Ermənistanın həll etməli olduğu məsələdir. İrəvan isə Türkiyə Respublikasına ərazi iddialarından əl çəkməyə, Ağrıdağı unutmağa məcburdur. Onlar üçün bu çox çətindir. Düşünürəm ki, Nikol Paşinyana məsələni həll etmək üçün şans verilməlidir və buna görə də Ermənistanda emosional intensivlik azalmalıdır. Ermənistanın baş naziri praqmatik adamdır, o, Azərbaycan və Türkiyə ilə danışıqlar aparmağın mühümlüyünü və bunun Ermənistan və erməni xalqı üçün faydalı olacağını anlayır.

– Ermənistanda etirazçıların “Ermənistanın türkləşməsinə” qarşı çıxdıqları ilk hal deyil. Bununla nə nəzərdə tutulur? Bəs niyə ermənilərin Türkiyəyə getməsinə icazə verilir, türklərin isə Ermənistana getməsi mümkün deyil?

– Bəli, bu, paradoksal vəziyyətdir. 60 min Ermənistan vətəndaşı hazırda rəsmi şəkildə Türkiyədə işləyir, pul qazanır, onlara təhlükəsizlik zəmanəti verilir. Türkiyə vətəndaşları isə Ermənistana getsələr, onların heç bir təhlükəsizlik zəmanəti olmayacaq.

“Türkləşdirmək” ifadəsinə gəlincə isə məncə, bu, Türkiyə ilə Azərbaycanı daha da birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur və bu, Ermənistanda çoxlarını çaşdırır. Amma onlar üçün mövcud vəziyyətdən ən yaxşı çıxış yolu qonşuları – azərbaycanlılar və türklərlə münasibətləri normallaşdırmaqdır. Avropa İttifaqı ilə mədəni və iqtisadi inteqrasiya da bu məsələdə əhəmiyyət kəsb edə bilər.

Türkiyənin özünün Ermənistanla münasibətləri normallaşdırmasına ehtiyac duyulmur, biz bundan heç nə qazanmırıq. Ankaranın sadəcə olaraq bölgədə uzunmüddətli sabit və mehriban qonşuluq münasibətləri qurmaq arzusu var, bundan başqa da heç bir şey nəzərdə tutulmur.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir