• Şb. Fev 4th, 2023

Georgi Mçedlişvili: “Məsələ İrəvanın nə dərəcədə müstəqil olmasındadır” – GÜRCÜSTANDAN ŞƏRH

ByYenigun.news

Dek 6, 2022

“Tbilisi Bakı və Ankara ilə istər iqtisadi olsun, istərsə də hərbi, bir çox formatlarda fəal iştirak edir. Gürcüstan-Azərbaycan-Türkiyə üçbucağı çoxdan işləyir. “Bakı, Tbilisi və İrəvan” formatına gəlincə, Ermənistanın böyük problemi var – bu, subyektivlik məsələsidir: İrəvan həqiqətdə nə dərəcədə müstəqildir?”

Bunu Avropa Universitetinin (Gürcüstan) dosenti, Gürcüstan Xarici İşlər Nazirliyinin siyasi şöbəsinin keçmiş müşaviri və Bosfor Universitetində (İstanbul) keçmiş mühazirəçi Georgi Mçedlişvili Cənubi Qafqazda “3+3” formatında əməkdaşlıq (Türkiyə, Rusiya, İran və Azərbaycan, Gürcüstan, Ermənistan) məsələsilə bağlı Oxu.Az-a açıqlamasında deyib.

Qeyd edək ki, Gürcüstan “3+3”də Bakı, Tbilisi və İrəvan arasında əməkdaşlıq formatını dəstəkləyir. Halbuki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin olmadığını nəzərə alsaq, bu məsələdə hər şeyin rəvan olduğunu demək olmaz.

Ekspert bu məsələ ilə bağlı, əslində, Ermənistanın Qarabağı və Azərbaycanın digər ərazilərini deyil, faktiki olaraq Qarabağın Ermənistanı işğal etdiyi barədə fikir səsləndirib.

“Hazırda hələ ki Ermənistanda hökumətin etibarı var, lakin Ermənistan tərəfinin nöqteyi-nəzərindən “Qarabağ cəbhəsi”ndə istənilən məğlubiyyət hakimiyyəti zəiflədəcək və ölkənin daxili siyasətində əlavə çətinliklər yaradacaq. Üstəlik, bu, Moskva üçün İrəvana təsir etməyə əlavə rıçaq olacaq. Bu səbəbdən yenə də deyirəm, məsələ Ermənistanın nə dərəcədə müstəqil olmasındadır”.

Gürcüstana gəlincə isə politoloq dinc Qafqazda maraqlı olduqlarını, Cənubi Qafqazın hər üç ölkəsinin tamhüquqlu ticari-iqtisadi əlaqələrinin, siyasi əməkdaşlığının mövcud olduğu (hətta hansısa bir təşkilat çərçivəsində olmasa belə) tamhüquqlu regiona çevrilməsini istədiklərini deyib.

“Belə bir anlayış olmalıdır ki, bizim gələcəyimiz Rusiyanın orbitindən kənardadır. Baltikyanı ölkələrin nümunəsi var – Vışeqrad qrupu. Əlbəttə, fərqli şərait, fərqli kontekst, fərqli coğrafiya var, amma dinamika ki eynidir. Üç və ya dörd ölkənin birlikdə inkişaf etmək, həmçinin tam siyasi müstəqillik əldə etmək şansı bir dövlətinkindən daha çoxdur. Aydındır ki, bu gün Azərbaycanın Türkiyə timsalında “çətir”i var. Gürcüstanda belə “çətir” yoxdur. 2008-ci ildə, hətta ondan sonra da biz bunu hiss etdik. Ermənistanın bir müddət Rusiyanın timsalında “çətir”i varmış kimi görünürdü, indi o yoxa çıxıb.

Təbii ki, Ermənistan hökumətinin sağlam cəmiyyətinin bir hissəsi Rusiya Federasiyasının təsirini zəiflətmək, onun orbitindən çıxmaq və Qərb dövlətləri ilə yaxınlaşmaq istəyir. Rusiya bunun qarşısını nə dərəcədə ala biləcək və Ermənistanın beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilmək üçün kifayət qədər siyasi iradəsi nə dərəcədə olacaq – bunlar hələ açıq məsələlərdir. Amma Gürcüstan və Azərbaycanın iradəsi var və olacaq. Baxmayaraq ki, Tbilisi Bakının malik olduğu hərbi və iqtisadi resurslara malik deyil, Azərbaycan üstəlik qalib ölkədir”.

Müsahibin sözlərinə görə, Rusiya hələ də regiona təsir etməyə çalışır.

“Rusiya Federasiyası Ukraynada “yaralandı”, lakin hələ də siyasi cəhətdən “öldürülmədi”, həmçinin Bakı və İrəvan arasında yaranmaqda olan, Ermənistan-Azərbaycan arasında zəhərli, uzun sürən münaqişəyə son qoya biləcək “Brüssel-Vaşinqton” sazişini boykot etdi. Bu müqavilə Rusiyanı Cənubi Qafqazda təsir imkanlarından məhrum edə bilərdi”, – deyə Georgi Mçedlişvili sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir