• C. Apr 26th, 2024

İran – “Taliban”: Tehran niyə ehtiyatlıdır? – TƏHLİL

ByYenigun.news

Apr 27, 2022

Dünyadakı hazırkı nizam perspektiv üçün böyük güclərə önəmli resurs təqdim etmir, buna görə də, həmin nizamı öz orbitindən çıxarmaq üçün səylər göstərilir.

Qlobal aktorlarla yanaşı, səhnədə ikinci, üçüncü dərəcəli rol qazanmış ölkələr də maksimum dərəcədə formalaşan yeni nizamdan pay götürmək istəyirlər.

Şərq regionu tarixən qaynar olub, buradakı proseslərin temperaturu heç zaman aşağı olmayıb, bu dəfə isə mövcud dərəcə daha da qaldırılır. Mövzunu İran-Əfqanıstan münasibətləri kontekstində inkişaf etdirəcəyik.

Taleyinə sanki daimi bədbəxtlik yazılmış Əfqanıstan “Taliban”ın hakimiyyətə gəlməsindən sonra yeni qara səhifələri vərəqləyir və ölkənin başı üzərindəki dumanlar İranla əlaqələr kontekstində qatılaşır.

Bir zamanlar İran “Taliban”ı qatı düşmən kimi qəbul edərik, dini-ideoloji baxışlardakı kəskin məzhəb fərqliliyi bu düşmənliyi daha da alovlandırırdı.

İndi isə “Taliban” İran üçün “dosta” çevrilib, Tehran əvvəlki ixtilafları unudaraq həmin dini hərəkatla sürət qazanan əlaqələrə üstünlük verir.

İranın geosiyasi ambisiyalarının hədəfləri onun Əfqanıstanda iqtisadi, siyasi və təhlükəsizlik sahəsində maraqlarını təmin etməkdən ibarətdir.

İranın əvvəlki siyasətinə qayıdaraq “Taliban” əleyhdarlarını dəstəkləməsi, Əfqanıstanda böyükmiqyaslı təxribat fəaliyyəti ilə məşğul olması gözlənilmir.

Bununla belə, İran Əfqanıstanda şiə hərəkatını dəstəkləməklə “Taliban”a alternativ qüvvə formalaşdırmaq siyasətini təşviq edir, ancaq hələ ki, üfüqdə Tehran üçün həmin istiqamətdə ümid işartıları görünmür.

Fikir ayrılıqlarını dərinləşdirən faktorlar sırasında sərhəd gərginliyi də xüsusi yer tutur, artıq hər iki tərəfin sərhədə qoşun cəmləşdirdiyi yayılan məlumatlar arasındadır.

İlkin təəssüratlarda baş verənlərin “Taliban”ın sərhədlərə dair etik bilgisizliyindən doğduğu görüntüsü yaranır. Belə ki, “Taliban” “Doğaran” sərhəd-keçid məntəqəsi yaxınlığında yol çəkmək istəyərkən İran ərazisinə soxulub və Tehranın etirazından sonra “Taliban” ağıllanıb.

Ancaq quyunun dibindən başqa səslər gəlir, bu insident olmamışdan öncə, İranın Əfqanıstanın Herat şəhərindəki konsulluğu qarşısında etirazlar başlamışdı, bu isə Tehranın əlinə basqı yaratmaqdan ötrü ipucları verir.

Etirazların motivində İranda yaşayan əfqanların hüquqlarının pozulduğuna qarşı dirəniş göstərmək dayansa da, bunun sonrakı proseslərə rəvac verən amilə çevrildiyini müşahidə edirik.

Şiə ölkəsi isə elə formada ehtiyatlı davranır ki, həm öz gücünü göstərir, həm də “Taliban”la münasibətləri zədələmir.  

ABŞ-ın Əfqanıstandakı qürubundan sonra hakimiyyətə gələn “Taliban” İran üçün fürsətlər təqdim edir, amma bundan sonra iki islam ölkəsinin münasibətləri mürəkkəb vəziyyətlə üzləşməkdə davam edəcək.

İranın “Taliban”a simpatiyası hələlik öz yerini nifrətə verməyib, İranın qaynar münaqişədən qaçmasının səbəbi həm də humanitar məsələlərlə əlaqədardır.

Əgər İran Əfqanıstanla müharibə edərsə və ya hər hansı hərbi konfliktə girişərsə, o, böyük qaçqın axını ilə üzləşər (hazırda da İranda əfqan qaçqınlar yaşayır). Bu isə onsuz da gərgin coğrafiyada yerləşən İranda iqtisadi və təhlükəsizlik məsələlərini sarsıda bilər.

İranın ehtiyatlandığı digər bir amil su hövzəsi ilə əlaqəlidir, Əfqanıstandan İranın Sistan bölgəsinə axan Helmand çayı bir milyona yaxın iranlını su ilə təmin edir.

Buna görə də, İran nə qədər mübahisəli məsələlər olsa da, “Taliban” hakimiyyətdə olduğu müddətdə praqmatik xətt tutmağa məcburdur.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir