• Bz. Fev 5th, 2023

Jurnalist-rejissor: “Özünü demokratik adlandıran Fransada polisin dəyənəkdən istifadəsi yolverilməzdir”

ByYenigun.news

Yan 24, 2023

“Özünü demokratik adlandıran bir ölkədə – Fransada – polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında ölkənin “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) bildirib.

“Fransa hökuməti əhalinin çoxsaylı etirazlarını nəzərə almayacağını bir daha elan etdi”, – jurnalist vurğulayıb.

Onun sözlərinə görə, polis zorakılığı Fransada təkrar-təkrar baş verən problemlərdən birinə çevrilib:

“Keçən həftə sülh şəraitində etiraz aksiyası keçirən əhaliyə qarşı polis növbəti dəfə dəyənəklərdən istifadə etdi. Polis dəyənəyi nəticəsində yaralanaraq təcili surətdə əməliyyat olunan bir şəxs artıq məhkəməyə müraciət edib. 2020-ci ildəki etiraz aksiyaları zamanı da Fransa polisi zorakılıq aktları nümayiş etdirmişdi. O zaman ölkə Prezidenti Emmanuel Makron və daxili işlər naziri polis zorakılığını nümayiş etdirən videoların sosial şəbəkələrdə geniş surətdə yayıldığını gördükdən sonra bu hala reaksiya vermişdilər. Onlar belə halların bir daha baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərinə söz vermişdilər. Lakin təəssüf ki, bu hallara son qoyulmayıb. Özünü demokratik adlandıran bir ölkədə polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir”.

Jurnalist bildirib ki, Emmanuel Makron əhalinin istəyinin ziddinə gedərək seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışır:

“Yanvarın 19-da Fransa əhalisinin təqaüd sistemindəki dəyişikliklərə etirazlarını bildirmək üçün ölkənin böyük şəhərləri olan Paris, Marsel və Lionda təşkil olunmuş nümayişlərdə etirazçıların sayı milyon yarımı ötüb. Etiraz aksiyalarında xüsusilə nəqliyyat işçiləri, təhsil işçiləri, enerji sahəsində çalışanlar böyük fəallıq göstərdilər. Emmanuel Makron bu çoxsaylı etirazlara baxmayaraq, seçki zamanı təqdim etdiyi proqramını həyata keçirəcəyini, təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri həyata keçirəcəyini bir daha təsdiq etdi. Unutmayaq ki, Emmanuel Makron prezident seçkisinin səhərisi ekstremist sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün seçildiyi faktını qəbul etmişdi. Bu gün ölkə prezidentinin seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışması antidemokratik siyasət yürütdüyünü göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir