• Bz. Fev 5th, 2023

Kirill Zadov: “ABŞ-nin Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin ABŞ-yə” – MÜSAHİBƏ

ByYenigun.news

Yan 24, 2023

ABŞ və Türkiyə arasında münasibətlər qeyri-müəyyən vəziyyətdə qalmaqda davam edir.

Ötən ilin sonunda Vaşinqton Türkiyəyə “F-16” qırıcılarını satacağını vəd edəndə münasibətlərin istiləşəcəyinə ümid yaranmışdı, lakin hər şey ermənilərin və yunanların lobbi fəaliyyətini həyata keçirən Robert Menendesin qadağasına dirənib qaldı. O, Ankaraya təyyarə satmaq planının qarşısını alacağını vəd etmişdi.

ABŞ-dən olan mənbələr xəbər verirlər ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri olan Robert Menendes öz mövqeyini Ağ Evə də açıq şəkildə bildirmişdi.

ABŞ-də anti-Türkiyə kampaniyası keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton tərəfindən də aparılır. C.Bolton bu yaxınlarda verdiyi açıqlamada Türkiyənin NATO-ya üzvlüyünün dayandırılmasının zəruriliyini dilə gətirmişdi.  

Oxu.Az-ın bu xüsusda suallarını amerikalı politoloq, “Radio RUSA”nın siyasi icmalçısı Kirill Zadov cavablandırıb. Müsahib ABŞ-nin daxili siyasi strukturunun nüanslarından danışıb.

– ABŞ-nin xarici siyasəti texniki cəhətdən necə qurulub? Ağ Ev var və onun rəhbəri başqa ölkənin lideri ilə hansısa razılaşmaya gəlir, bəs ölkə prezidentinin əldə etdiyi razılaşmaları sərbəst şəkildə həyata keçirmək imkanı varmı?

– Hər şey razılaşmaların səviyyəsindən asılıdır. Bəzi hallarda prezidentin öz adından sənədi imzalaması kifayətdir. Senatda ratifikasiyanın lazım olduğu vəziyyətlər var ki, bunun üçün Senatın üçdəikisinin səsi tələb olunur. Məsələn, prezident Barak Obamanın imzaladığı İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Senatdan keçməsinə ehtiyac yox idi. Baxmayaraq ki, iranlılar onun ratifikasiya olunmasını istəyirdilər ki, sənəd qanuni statusu alsın. Bu isə Birləşmiş Ştatların JCPOA-dan çıxmayacağına dair müəyyən təminatdır. Digər prezident Donald Tramp isə sadəcə olaraq, “nüvə sazişini” ləğv etdi, çünki bunun üçün Ağ Ev rəhbərinin imzası kifayət etdi.

– Mən texniki detallar haqda təsadüfi soruşmadım. Ötən ilin yazından İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsi müzakirə olunur. Türkiyənin Stokholm və Helsinki qarşısında irəli sürdüyü şərtlərlə yanaşı, ABŞ ilə “F-16” təyyarələri və onların komponentləri ilə bağlı da üstüörtülü razılaşmalar var idi. Türkiyə “F-35” proqramından çıxarıldı, amma axı Türkiyənin pulu Birləşmiş Ştatlar tərəfindən mənimsənildi…

– … Türkiyə Rusiyadan “S-400” sistemlərini aldığına görə proqramdan çıxarıldı. Ankaraya dedilər ki, eyni anda “F-35” və “S-400”ünüz ola bilməz. Çünki belə olan halda bütün kodlara yiyələnmiş olursunuz. Rusiya isə nəzəri cəhətdən onları öyrənə bilər, çünki “S-400” personalının ruslar tərəfindən hazırlanması nəzərdə tutulurdu.

– … Amma bunun müqabilində Türkiyə “F-16” istədi, pul da artıq ödənilib. Bayden söz verdi, lakin sonra Konqresdə uzun mübahisələr oldu, Türkiyə qarşısında şərtlər qoyuldu, bunlardan biri də Yunanıstanın hava sahəsinə daxil olmamaqla bağlı idi. Sonra sanki hər şey həll olundu, bu ilkin şərt götürüldü. Amma bu yaxınlarda Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes Türkiyəyə döyüş təyyarələrinin satışının qarşısını alacağını bildirdi. O, həqiqətən, bu sövdələşməni əngəlləyə bilərmi?

– Bəli, əngəlləyə bilər. Ümumilikdə demokrat senatorlar Senatda çoxluğa malikdirlər. Bütün əsas silah sövdələşmələri Senatın komitələrindən və Senatın özündən keçməlidir və Menendes mühüm komitələrdən birinə – xarici əlaqələr komitəsinə rəhbərlik edir.

– Belə çıxır ki, bir senator İsveç və Finlandiyanın NATO-ya daxil olmasına kömək edə biləcək qərarı əngəlləyə bilər?

– Bizim Senat Yuxarı Palatadır, əgər qədim Roma nümunəsindən istifadə etsək, belə deyə bilərik ki, onlar şərti olaraq patrisilərdir. Plebeylər var ki, onlar Nümayəndələr Palatasıdır. Hər bir patrisi özlüyündə çox vacib şəxsdir. Bir vaxtlar prezidentliyə namizəd olmağa çalışan senator Ted Kruz var. O, Co Baydenin səfirlərin təyin edilməsi ilə bağlı bütün təşəbbüslərinin qarşısını aldı. Ta o vaxta qədər ki, ABŞ prezidenti “Şimal axını-2”yə sanksiyalar tətbiq etdi. Menendesə gəlincə, o, sıravi yox, nüfuzlu senatordur. Nəzərə alsaq ki, bu sənəd Menendesin rəhbərlik etdiyi müvafiq komitədən keçib Senatın gündəliyinə daxil olacaq, onun rəyi bu məsələdə əsas ola bilər. Hətta “F-16”ların Türkiyəyə təhvil verilməsi məsələsi də “bir mərtəbə yuxarı”dan keçməyə bilər. Üstəlik, Menendes bu məsələni komitə iclasının gündəliyinə gətirməyə də bilər.

– Bəs bu, ABŞ-nin siyasi quruluşundakı problemlərin sübutu deyilmi?

– Xeyr, elə deyil. ABŞ-nin hökumət sistemi, yəqin ki, dünyanın ən yaxşısıdır. Hakimiyyət qollarının bölgüsü yüksək səviyyədədir. Tarixin hansısa bir məqamında hakimiyyət qollarından birinin qərarı həlledici olur. Məsələn, 2000-ci ildə səslərin təkrar hesablanması dayandırıldı və Ali Məhkəmə qərar verdi ki, ABŞ prezidenti Corc Buş olacaq. Və heç kim bununla mübahisə etməyə qalxmadı. Bizdə Konqresin və ya prezidentin əsas rol oynadığı məqamlar olub.

– İstənilən halda, ABŞ ilə Türkiyə arasındakı münasibətlərin, üstəlik, iki şimal ölkəsinin NATO-ya qəbul olunmasının bir nəfərdən asılı olması normaldırmı? O, bunu istəmədiyini və buna icazə verməyəcəyini söylədi. Bu həddini aşmaq hesab edilmirmi?

– Bəs yaxşı, əgər prezident bunu istəmədiyini desə?

– ABŞ prezidenti isə bunu istədiyini deyir.

– Bəli, amma prezident və Senat komitəsinin rəhbəri fərqli səlahiyyətlərə malikdirlər. Türkiyəyə silah satılmasını NATO-ya qəbulun şərti kimi türk və amerika iderləri müəyyənləşdiriblər. Prinsipcə, bu, sadəcə, “F-16” qırıcılarının tədarükü üçün müqavilə kimi qəbul edilir. Və bu müqavilə Senatda təsdiqlənir.

– Onda belə çıxır ki, Ankara “F-16”ları almayacaq, Stokholm və Helsinki NATO-nun üzünü görməyəcəklər?

– Xeyr, heç də belə deyil. ABŞ-nin Türkiyəyə ehtiyacı daha çoxdur, nəinki Türkiyənin ABŞ-yə. Və təyyarələrin çatdırılması məsələsinin həlli variantları da var. Məsələn, Bayden Menendes ilə görüşə və onun üçün başqa nə edə biləcəyini müzakirə edə bilər. Bu, adi bir sistemdir, razılaşmaq lazımdır. Mən sizə bir nümunə çəkəcəyəm. Prezidentin bir çox infrastruktur məsələlərinə qarşı çıxan demokrat senator Co Mençin var. Səsvermənin nəticəsi onun verdiyi səsdən asılı idi. Onunla danışıqlar aparıldı və sonda razılıq əldə olundu. O, özünün maraqları olan Qərbi Virciniya ştatından seçilib. Məsələn, federal səviyyədə bir boru kəmərinin tikintisinə, yaxud mədənlərin açılmasına icazə vermək lazımdır və sair. Şübhəsiz ki, Menendes də seçildiyi Nyu-Cersi ştatında bəzi məsələləri həll etməlidir. Ona görə də adi siyasi bazarlıq olacaq. Və bu, cibə ötürülən rüşvət hesab edilməməlidir. Senat puldan daha yüksəkdə durur, o, yenidən səs almalı olacaq, o, ştatı təmsil edir.

– Siz dediniz ki, ABŞ-nin Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin ABŞ-yə. Niyə?

– Türkiyə bu gün dünyanın nadir suveren dövlətlərindən biridir, vacib coğrafi habdır. Türkiyə Qafqazın, Avropanın, Yaxın Şərqin və hətta Mərkəzi Asiyanın bir hissəsidir (yumşaq güc və mədəni təsir baxımından). Türkiyə Rusiya Federasiyasının türk dillərində danışılan bölgələrinin böyük bir hissəsinə təsir edir. Türkiyə NATO-nun üzvüdür, onun ərazisində Amerika bazası var, Bosfora nəzarət edir. Siyahı uzun ola bilər. Dövlətlər belə bir müttəfiqi itirməməlidirlər.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir