• Ca. Apr 25th, 2024

Komitə sədri: “Dövlət başçısı vədlərini həmişə yerinə yetirdiyini əyani şəkildə sübut edir”

ByYenigun.news

Apr 23, 2022

“44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Tədbirdə dünyanın hər bir yerindən seçilmiş azərbaycanlılar iştirak edirlər. Həmin şəxslərin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük əmək var”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev həmin şəxslərin qarşısında proqram xarakterli yol xəritəsi cızaraq çıxış edib:

“Prezident həmin çıxışı zamanı bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı tədbir iştirakçılarına Qarabağ münaqişəsi, onun tarixi, 1990-cı illərin əvvəllərində xarici qüvvələrin fəal dəstəyi ilə ermənilər tərəfindən torpaqlarımızın işğal altına düşməsi, 30 ilə yaxın müddətdə Azərbaycanın sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmə cəhdləri və onların uğurla nəticələnməməsi barədə geniş məlumat verib. Prezident qeyd edib: “Bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır”.

Deputat bildirib ki, hazırda Minsk qrupu və ya həmsədrlər yoxdur: “Rusiya, Fransa və ABŞ-ın bu məsələ ilə bağlı fərdi qaydada, ayrı-ayrılıqda fəaliyyət göstərən XİN nümayəndələri var”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqı 30 ilə yaxın müddətdə işğal edilmiş ölkə kimi yaşayıb: 

“Bu, Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün çox ağır sınaq dövrü olub. Bu gün isə vəziyyət tam başqadır. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi, müzəffər ordumuzun peşəkarlığı, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Xüsusilə vətənpərvərlik ruhunda böyüyən, tarixi zəfərin əldə olunmasında misilsiz xidmətləri olan gəncliyimiz məhz müstəqillik dövründə yetişib. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. Hesab edirəm ki, bu gün ulu öndərin ruhu şaddır. Çünki 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, qurultayda ümummilli liderin nitqi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqın öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun davamçıları tərəfindən gerçəyə çevrilib”.

M.Quliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və postmünaqişə dövründə proseslərinin ölkəmizin maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca vəzifəsidir:

“Dövlət başçısı bu istiqamətdə ardıcıl, düzgün və məqsədyönlü siyasət həyata keçirir. Güclü iqtisadiyyatın, ordunun yaradılması, milli həmrəyliyin təmin edilməsi, cəmiyyətdə yüksək vətənpərvərlik ruhunun olması və qazanılmış qələbə Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi, misilsiz xidmətidir. Xatırlayırsınızsa, dünya azərbaycanlılarının öncəki qurultaylarında, digər çıxışlarında Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirib. Bu günün reallığı dövlət başçısının öz sözündə, vədində qəti olması, üzərinə götürdüyü bütün öhdəlikləri, vədləri həmişə yerinə yetirdiyini əyani şəkildə sübut edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir