• Be. Fev 26th, 2024

Kürdəxanıda tikilən yeni məktəbdən – FOTOREPORTAJ

ByYenigun.news

May 3, 2022

Dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

“Report”un əməkdaşları da adıçəkilən məktəbdə olub və yaradılan şəraitlə tanış olublar.

Müasir standartlara cavab verən təhsil müəssisəsi 960 şagird yerlikdir.

Məktəbdə sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Həmçinin zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Artıq şagirdlərin burada nəzəri dərsləri həmin laboratoriyalarda praktiki öyrənmək imkanları olacaq.
Qəsəbə sakinləri əhali sayının artması səbəbindən yeni məktəbin açılmasını mühüm əhəmiyyət daşıdığını bildirir.

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin sakini, tarix müəllimi və tarix üzrə tədqiqatçı Münəvvər Ələsgərova bildirib ki, ərazidə olan 113 nömrəli tam orta məktəbdə şagird sıxlığı müşahidə olunurdu:

“Bu da təhsilin keyfiyyətinə təsir edirdi. Valideynlər daha keyfiyyətli təhsil üçün uşaqlarını daha uzaq yerlərə oxumağa göndərməyə məcbur olurdu. Artıq 304 nömrəli tam orta məktəb Kürdəxanı qəsəbəsində bu sıxlığın qarşısını alacaq və şagirdlərin keyfiyyətli təhsil almasında rol oynayacaq”.

Kürdəxanı qəsəbə sakini Bəhruz Nəzərov 304 nömrəli tam orta məktəbin inşa olunmasından, orada yaradılan şəraitdən razılıq edib:

“Məktəbin Prezident tərəfindən açılış görüntülərini gördüm. Məktəb şagirdlərin biliklərini praktiki mənimsəməsi üçün də lazım olan bütün avadanlıqlarla təmin edilib. Müəllimlər həvəslə dərs keçəcək, şagirdlər də həvəslə öyrənəcəklər. Kəndimizin sakinlərini təbrik edirəm. Təşəbbüskarlara minnətdarlığımı bildirirəm”.

Təhsil ocağı növbəti tədris ilindən şagird və müəllimlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, məktəb Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində inşa edilib. Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. Göstərişə əsasən, tikilən yeni təhsil ocağı 304 nömrəli tam orta məktəbdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir