• Be. Dek 9th, 2024

Monteneqroda şahmat üzrə “Heydər Əliyev Kuboku” III ənənəvi turnir təşkil edilib – FOTO

ByYenigun.news

May 10, 2022

Monteneqronun Herseq Novi şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şahmat üzrə “Heydər Əliyev Kuboku” III ənənəvi turnir keçirilib.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi, Monteneqronun Şahmat Federasiyası və “Prosvjeta” (“Təhsil”) şahmat klubunun həmtəşkilatçılığı ilə baş tutan turnirdə yerli, region və digər ölkələri təmsil edən 48 şahmatçı iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verib. 1990-cı illərdə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında olarkən xalqın istəyi ilə ulu öndərin hakimiyyətə gəldiyi, ölkəni böyük böhrandan xilas etdiyi, xalqımızın öz tarixi və görkəmli şəxsiyyətlərinin xidmətlərini heç vaxt unutmayacağı bildirilib. Heydər Əliyevin uzunmüddətli inkişaf strategiyası sayəsində Azərbaycanın bu gün dünyada güclü dövlət kimi tanındığı, xarici ölkələrə, o cümlədən Monteneqroya investisiya yatırmaq imkanında olduğu vurğulanıb. 

Azərbaycanda şahmatın inkişafında da Heydər Əliyevin böyük xidmətlərinin olduğunu xatırladan mərkəz direktoru nəzərə çatdırıb ki, məhz bu səbəbdən böyük öndərin anım tədbiri kimi artıq üçüncü ildir, şahmat turniri təşkil edilir. Monteneqronun milli şahmat komandasının üzvləri, dörd qrossmeyster, dörd beynəlxalq usta və doqquz FIDE ustası olmaqla 48 şahmatçının yarışa qatılması bu ənənəvi turnirə ildən-ilə marağın artmasının göstəricisi kimi dəyərləndirilib.

Herseq Novi Bələdiyyəsi sədrinin müavini Mirko Mustur bildirib ki, Heydər Əliyevin tərcümeyi-halı ilə tanış olarkən dövləti və xalqı üçün göstərdiyi xidmətlərdən təsirlənib. Qeyd edib ki, bu tarixi şəxsiyyətin doğum günü ilə bağlı anım tədbirlərinin keçirilməsi, onun xatirəsinin hörmətlə anılması azərbaycanlıların qədirbilən xalq olmasını sübuta yetirir. Belə tədbirin Herseq Novi bələdiyyəsində keçirilməsindən şərəf duyduqlarını vurğulayan natiq Azərbaycanla bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əllərindən gələni etməyə hazır olduqlarını deyib.

Mərasimdə çıxış edən Monteneqro Şahmat Federasiyasının rəhbəri Yovan Miloviç, “Azmont Investments” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Adriyana Husiç və “Prosvjeta” şahmat klubunun idarə heyətinin sədri Dragan Cadenoviç turnirin dəstəkçisi və təşkilatçısı olmaqdan şərəf duyduqlarını, Azərbaycanın Monteneqroda şahmatın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirdiklərini və turnirin ənənəvi olaraq keçirilməsində maraqlı olduqlarını bildiriblər.

“Heydər Əliyev Kuboku” üzrə turnirdə birinci yeri qrossmeyster Nikola Dukiç (reytinq: 2556) tutub.

Turnirin qaliblərinə təltiflərlə yanaşı, Monteneqro dilində çapdan çıxmış “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabı da təqdim olunub.

Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir