• Şb. İyl 27th, 2024

Müsəlman Şərqinin multikultural ölkəsi – demokratik Azərbaycan

ByYenigun.news

May 27, 2022

Azərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini – Müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümünü qeyd edir.

Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Yusifbəyli və başqaları tərəfindən yaradılan AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifçiliyin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini qrupların parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözügedən yüksək təmsilçilik şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi idi. 23 ay ərzində AXC hökuməti bir sıra qanunlar qəbul edərək, siyasi, hərbi, hüquqi və iqtisadi sahələrdə islahatlar da həyata keçirdi. Yeni qurulmuş Xalq Cümhuriyyətinin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilinin arzuolunan səviyyəyə çatdırılması idi. Bu istiqamətdə ilk addım isə 1919-cu ildə Bakı Dövlət Universitetinin və bir çox digər təhsil müəssisələrinin yaradılması oldu. 

Beləliklə, 28 may yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə və regionda əhəmiyyətli bir tarix olmalıdır. AXC inkişaf yolunda özünə bələdçi etdiyi dəyərlər bu gün də dünyanın çatmaq istədiyi qlobal hədəflərin əlamətləridir. 

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan AXC cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu. Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 

XX əsrin sonlarında Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən müstəqillik qazandı və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. 

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə və xalqına bağlı olan dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının müasir tarixində əbədi oldu.

Bir daha qeyd etmək lazımdır ki, əbədi liderin adı müasir Azərbaycanın qurucusu kimi Azərbaycan xalqının milli şüuruna həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli özünüdərkin formalaşmasının təməlini qoydu və bu, bir daha təsdiqlədi ki, insanlar və güc birliyi sarsılmazdır, əbədidir, möhkəm təmələ söykənir.

2003-cü ildən bəri Prezident İlham Əliyev çoxmədəniyyətli dəyərləri və tolerantlığı prioritet hala gətirdi və Azərbaycan Xalq Cümhuriyyətinin mirası olaraq dünyada keçirilən beynəlxalq forumların və tədbirlərin müəllifi oldu. Eyni zamanda bu gün Azərbaycan milli və etnik azlıqlardan əlavə, bütün dinlərin nümayəndələrinin yaşadığı dinc, tolerant və çoxmədəniyyətli bir ölkə olaraq dünyada tanınır.

Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada 30 ildən sonra keçirilən “Xaribulbul” Musiqi Festivalı çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqiləri “Azərbaycan musiqisindəki multikulturalizm” adı altında təqdim edildi. 

Festival çərçivəsində “Azərbaycan musiqisində multikulturalizm” adı altında ölkəmizdə yaşayan müxtəlif xalqların musiqisi təqdim olunub. Bu, multikulturalizmin bariz nümunəsidir, eyni zamanda Azərbaycanda mədəni müxtəlifliyin vəhdətinin əyani sübutudur. Ölkəmizdə bu istiqamətdə aparılan fəaliyyət gələcəkdə də bütün dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyinin qorunub saxlanması, inkişaf etdirilməsi, o cümlədən uyğunlaşdırılması məqsədi daşıyır.

Bu gün Cənubi Qafqazda yeni reallıqlar mövcuddur. Regionda sülh danışıqları artıq yeni mərhələyə qədəm qoyur. Müharibədən sonrakı dövr regionda ictimai-siyasi, mədəni, iqtisadi əlaqələrin bərpasının əhəmiyyətini xüsusilə artırır və bu proses bu gün daha çox multikultural yanaşma tələb edir.

Şübhəsiz ki, Azərbaycan multikultural dəyərlərin inkişafına artıq bir əsrdən çox müddətdə töhfə verən ölkə kimi, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada sülhün, əmin-amanlığın qorunub saxlanılması, davamlı inkişafın təmin edilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.

 Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir