• Ca. Sen 29th, 2022

Prezident Ağdam Sənaye Parkının yaradılması ilə bağlı fərman imzaladı

ByYenigun.news

May 28, 2021

Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb.

Yenigun.news xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.

Region iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.

İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.

Fərmanla Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılır.

2. Müəyyən edilsin ki:

2.1. Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;

3. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Ağdam Sənaye Parkının fəaliyyəti üçün işğaldan azad edilmiş Ağdam şəhərinin yaxınlığında 190 (yüz doxsan) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Ağdam Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə sahibkarlıq fəaliyyətinin təşkili, dəstəklənməsi və səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi məqsədilə Agentliyə kömək etsin;

5.2. Ağdam Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, göstərilən xidmətlər və həyata keçirilən digər fəaliyyət üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Aidiyyəti dövlət orqanları (qurumları) Ağdam Sənaye Parkının yaradılması və fəaliyyətinin səmərəli həyata keçirilməsi, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı madə olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun təmin etsinlər.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.