• Ça. Fev 27th, 2024

Qərbi Azərbaycan Xronikası: Yüksək vəzifəli məmurun qardaşının ölüm müəmması – VİDEO

ByYenigun.news

Fev 10, 2024


Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində aparıcı Fəxriyyə Lilparın müəllifi olduğu növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, veriliş Azərbaycan dövlət xadimi, Qərbi Azərbaycandan olan ziyalı Həbib Həsənova həsr olunub.

Bildirilir ki, H.Həsənov 1922-ci il avqustun 5-də Qərbi Azərbaycanın Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olub.

O, Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR-nin Əməkdar jurnalisti olub.

H.Həsənovun qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun Filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən sonra İrəvanı tərk edərək Bakıda məskunlaşıb və elə Bakıda da dünyasını dəyişib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir