• Şb. Okt 12th, 2024

Qazaxıstan referendum astanasında: Rəhbərlik Ukrayna hadisələrindən ehtiyat edir

ByYenigun.news

May 23, 2022

İyunun 5-i Qazaxıstanın müasir tarixində önəmli günlərdən biri olacaq. Ölkə vətəndaşları Konstitusiyanı dəyişmək üçün səs verməli olacaqlar. Məqsəd bəllidir – qanlı yanvar hadisələrindən sonra cəmiyyətdə hələ də gərginlik hökm sürür və hakimiyyət də narazılığı azaltmaq üçün  referendum qərarı verib. 

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Qazax mediası yazır ki, iyunun 5-də vətəndaşlar superprezidentliyin prezidentliklə əvəz olunması üçün  konstitusiyanı dəyişəcəklər. Hakimiyyətin gərginliyi azaltmaqla yanaşı, Qərbə mesaj vermək istədiyi də bəllidir. KTMT-nin son yubiley toplantısında, faktiki olaraq üstüörtülü şəkildə Tokayev hakimiyyəti Rusiyaya lazımı dəstək verməməkdə günahlandırılıb. Bunu Belarus lideri Rusiyanın dili ilə səsləndirib. Qazaxıstan hakimiyyəti ehtiyat edir ki, Kiyevin başına gələnləri nə vaxtsa onlara da yaşadarlar. Buna zəmin də var. Ölkənin şimal əyalətlərində ara-sıra Rusiyaya dəstək aksiyaları keçirilir. Eləcə də, Rusiyanın ali rəhbərliyində təmsil olunan şəxslər də qazax dövlətçiliyi üçün təhlükə hesab oluna biləcək açıqlamalar səsləndirirlər. Beləliklə də, belə bir mürəkkəb geosiyasi vəziyyətdə hakimiyyət kritik referendum islahatlarına getmək qərarına gəlib.

33 maddəlik dəyişiklik

Qərbin nüfuzlu “The Diplomat” nəşri bu dəyişikliklərin nədən ibarət olduğunu şərh edib. Nəşr yazır ki, islahat paketi 33 ayrı maddəni əhatə edir və onları mart ayında Tokayevin təyin etdiyi ekspertlər qrupu hazırlayıb: 

“Prezident vətəndaşlara müraciətində bildirib ki, islahatların məqsədi Qazaxıstanın superprezident sistemini “güclü parlamenti olan prezident sisteminə” çevirməkdir. Superprezident sistemində parlament və məhkəmələr yalnız nominal olaraq müstəqildirlər, prezident və onun administrasiyası isə siyasi qərarların qəbulu üzərində praktiki olaraq qeyri-məhdud nəzarətə malikdir”. 

Qazaxıstanın superprezidentlik sisteminə doğru ilk addımı 1995-ci ildə – Nursultan Nazarbayevin kooperativ olmayan parlamenti buraxması ilə bağlı yeni konstitusiyanın qəbulu ilə başladı. Daha sonra 1998, 2007 və 2011-ci illərdə qəbul edilmiş konstitusiya dəyişiklikləri ilə hakimiyyəti öz əlində cəmləşdirdi. 2017-ci ildə isə prezident səlahiyyətlərinin bir hissəsini hökumətin digər qollarına ötürərək prezident nəzarətini yumşaltdı. Beləliklə, yerli hakimiyyət nümayəndələrinin seçilməsinə yol açıldı. Nazarbayev konstitusiyaya Elbası, yəni millətin lideri kimi müddəaları daxil etməklə qazax siyasəti üzərində nəzarəti saxlamağı bacardı. İndi təklif olunan islahatlar çərçivəsində konstitusiyadan Elbası və ilk prezidentə istinadlarla bağlı müddəalar çıxarılacaq. Bəzi analitiklər bu qərarı Nazarbayevlər ailəsinin nüfuzunun azalmasının əlaməti kimi qiymətləndirirlər. 

Prezident siyasi partiya üzvü ola bilməyəcək

Dəyişikliklərdə əsas olan odur ki, prezident siyasi partiya üzvü ola bilməyəcək. Bu da işçi qrupunun üzvü Sara İdrişevanın fikrincə, cəsarətli addımdır. Tokayev artıq Nazarbayevin hakim “Nur Otan” partiyasının yenilənmiş variantı sayılan “Amanat” partiyasının sədri vəzifəsindən istefa verib. Bundan başqa, prezident bundan sonra rayon, iri şəhər və hətta paytaxtın hakimlərinin qərarlarını ləğv edə bilməyəcək. Təklif olunan bəzi düzəlişlər parlamentin səlahiyyətlərini genişləndirir. Qazaxıstan parlamenti ikipalatalı olaraq qalacaq, lakin aşağı və yuxarı palatalar arasında səlahiyyət bölgüsü dəyişdiriləcək. Senat daha yeni qanunlar qəbul edə bilməyəcək: əvəzində o, Məclis tərəfindən təklif olunan qanun layihələrini təsdiq edəcək və ya rədd edəcək. 

Deputatlar qarışıq sistemlə seçiləcək

Hər iki palataya deputatların seçilməsi prosesi də dəyişəcək. Birincisi, Qazaxıstan Xalqları Assambleyasının ləğv olunan 9 yeri nəticəsində Məclis 98 deputata endiriləcək. Həmin yerlər Senata veriləcək və Qazaxıstan Xalqları Assambleyası yalnız beş nümayəndə təyin edə biləcək. Prezidentin təyin etdiyi müavinlərin sayı 15-dən 10-a endiriləcək. İkincisi, parlament deputatları qarışıq sistemlə seçiləcək. Deputatların 70 faizi proporsional, 30 faizi isə birbaşa səsvermə yolu ilə seçiləcək. Məhkəmə sistemi ilə bağlı yeganə dəyişiklik Konstitusiya Məhkəməsinin bərpası ilə bağlıdır. 1995-ci il konstitusiyasının qəbulundan əvvəl Qazaxıstanda Konstitusiya Məhkəməsi var idi, lakin onu daha zəif Konstitusiya Şurası əvəz etdi. Prezident Konstitusiya Məhkəməsinin tərkibinə əhəmiyyətli təsir göstərəcək: o, sədrin və dörd hakimin, parlament isə üç nəfərin namizədliyini irəli sürəcək. 

Dövlətlə cəmiyyət arasında münasibətlər ciddi şəkildə dəyişməyəcək

Tokayev yerli özünüidarənin vacibliyini vurğulayaraq, bu yaxınlarda keçirilən birbaşa aki (vilayət hakimləri) seçkilərini xatırladıb. Planlara hakimiyyət orqanları ilə regionların əhalisi arasında əlaqələrin gücləndirilməsi məqsədilə üç yeni rayonun yaradılması daxildir. Qazaxıstanın ən böyük şəhərlərinin sakinləri üçün yerli nümayəndəlikdə əhəmiyyətli dəyişikliklərin olmayacağı isə məyusluq yaradıb. Yerli rəhbərləri seçmək hüququ Alma-Ata əhalisinin əsas tələblərindən biri idi. Təklif olunan islahatlar Qazaxıstanda həqiqi təmsilçi hökumətə doğru mühüm addımdır, lakin irəliləyişə səbəb olmaya bilər. Bir çox düzəlişlər prezident hakimiyyəti üzərində vaxtilə mövcud olan nəzarət mexanizmlərini bərpa edir, lakin dövlətlə cəmiyyət arasında münasibətləri ciddi şəkildə dəyişdirmir. Yeri gəlmişkən, politoloq Eduard Poletayev hesab edir ki, prezidentin konstitusiyaya dəyişikliklərlə bağı referendum qərarı xarici və daxili siyasi vəziyyət fonunda vaxtında verilən qərardır.  Onun qənaətincə, Qazaxıstan faciəvi yanvar hadisələrindən sonra geosiyasi vəziyyətin dəyişməsi səbəbindən böyük sosial-iqtisadi, siyasi yük yaşayır. Üstəlik, dünya indi təlatüm mərhələsindədir və bu dəyişiklik ölkə üçün unikal presedentdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir