• Şb. Apr 20th, 2024

Rəşad Mahmudov: “Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilib”

ByYenigun.news

İyl 1, 2022

“Azərbaycan dövlət müstəqilliyini elan etdiyi ilk illərdə yaranmış siyasi və iqtisadi hərc-mərclik qlobal arenanın siyasi subyekti kimi ölkəmizin sərbəst fəaliyyətinə maneələr yaradırdı”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Rəşad Mahmudov deyib.

O bildirib ki, Ümummili lider Heydər Əliyevin xilaskar rəhbər kimi dövlət müstəqilliyimizi yox olmaqdan xilas etməsi missiyası sonrakı mərhələdə dövlət quruculuğu strategiyası ilə davam etdirildi:

“Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası son 18 ildə nəinki müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırdı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrildi. Məhz Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri  arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji müttəfiqlərindən birinə çevrilmişdir.

Qarşıdurmalar və konfliktlərlə müşahidə olunan müasir dünya düzənində Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir. Məhz bu səbəbdəndir ki, qurumun bir çox tədbirlərinə Bakı ev sahibliyi edir”.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan deputat onu da qeyd edib  ki, 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin rolunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyil:

“Müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Bakının dünyaya sülh və inkişaf mesajı verməsi xüsusi bir hadisədir.

Beynəlxalq məclisi iştirakı ilə şərəfləndirən və dərin məzmunlu çıxışı ilə müzakirələrə yön verən Azərbaycan lideri İlham Əliyev Qoşulmama Hərəkatını Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın  ikinci ən böyük beynəlxalq təsisatı adlandıraraq, qurumun Parlament şəbəkəsinın yaradılmasının  ölkəmizin irəli sürdüyü və fəal dəstək qazanan yeganə təşəbbüs olmadığını diqqətə çatdırdı. Prezident gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verdi. Göründüyü kimi, ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq  və fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb.  

Prezident İlham Əliyev konfransda Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini mənmumluqla xatırladı. Bundan başqa, dövlətimizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin  uzadılmasını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi.
Azərbaycanın 30 ildən bəri təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, 2020-ci ilin payızında apardığı Vətən müharibəsində haqlı tərəf kimi  ədaləti və eyni zamanda, beynəlxalq hüququ bərpa etdiyini söyləyən dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi ölkələlər həmin zaman Azərbaycana  qarşı qarayaxma, böhtan kampaniyasına başladılar.
Prezident daha sonra qeyd etdi ki, bütün bunlar azmış kimi, bəzi ölkələr işğalçıya qarşı mübarizəmizə mane olmaq məqsədilə bu məsələni BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız bizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Azərbaycan Prezidenti xalqımızın Qoşulmama Hərəkatının bu ədalətli və qətiyyətli mövqeyini heç vaxt unutmayacağını məmnunluqla bəyan etdi və bu tarixi həmrəyliyə görə minnətdarlığını ifadə etdi.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi mürəkkəb və qaynar münaqişələrin məngənəsində boğulan dünyamızda sülhün, həmrəyliyin,  ümumi tərəqqinin üstün gəlməsi uğrunda mübarizədə fəal müzakirələr və məqbul qərarlar qəbul edilməsi üçün səmərəli bir platformadır. 

Azərbaycan Prezidenti İlham Əliyev konfransda bildirdiyi kimi: “Bu gün, zənnimcə, Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada – Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Bu günə və sabaha yönəlik fəaliyyəti ilə bəşəri ümidlər doğuran bu təsisatın Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlməsi və ilk addımını Bakıda atması ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq göstəricisidir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi  həyatında mühüm əhəmiyyət kəsb edir.
Konfrans iştirakçılarının Şuşaya səfəri isə Azərbaycanın haqq davasına və ərazi bütövlüyümüzə vacib beynəlxalq dəstəkdir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir