• Şb. Apr 20th, 2024

Rostislav Pavlenko: “Moskvadan ancaq reallıqla heç bir əlaqəsi olmayan sərsəm bəyanatlar görürük” – MÜSAHİBƏ

ByYenigun.news

Apr 26, 2022

İstənilən müharibə həmişə sülhlə başa çatır. Amma sülh şəraiti döyüş meydanında formalaşır.

Bunu ukraynalı siyasi xadim, politoloq, Parlamentin üzvü (“Avropa Həmrəyliyi” fraksiyası), Ukrayna Prezident Administrasiyası rəhbərinin keçmiş müavini Rostislav Pavlenko Oxu.Az-a Moskva-Kiyev danışıqlarından gözləntiləri ilə bağlı münasibət bildirərkən deyib.

O, ədalətsiz, barbar müharibəyə başlayan Moskvanın atəşkəs, humanitar məsələlərin həlli yollarının axtarışı ilə bağlı danışıqlara başlamasının məntiqli olacağını deyib.

“Sonra isə silahlar susanda, kompensasiya və digər müharibədən sonrakı məsələlər həll olunmağa başlamalıdır. Amma hələlik Rusiyada belə bir istək görmürük. Əksinə, bir növ denasifikasiya mövzusu davam edir. Hansımız nasistik? Bunu Rusiya qoşunları Buça, Kiyev, Borodyanka, Çerniqov, Xarkov, Mariupol (yarım milyonluq şəhər faktiki olaraq yer üzündən silinib), həmçinin Ukraynanın digər şəhər və qəsəbələrində aşkar şəkildə göstərdi. Demilitarizasiya haqqında da nəsə danışırlar. Bəli, həyata keçirilir. 20 000-dən çox rusiyalı intervent məhv edilib”, – deyə politoloq vurğulayıb.

Siyasi xadimin sözlərinə görə, “top” hazırda Rusiyanın tərəfindədir və onun mövqeyi daha adekvat olarsa, danışıqlar müəyyən uğur qazana bilər.

“Amma indiyədək biz Moskvadan ancaq reallıqla heç bir əlaqəsi olmayan sərsəm bəyanatlar görürük, hətta Xerson vilayətinin zəbt olunmuş şəhərlərində, Mariupoldan humanitar dəhlizlərin açılmasına dair razılaşmalar pozulur”, – deyə müsahib bildirib.

Müharibə zamanı humanitar hüququn pozulmasına gəldikdə o, bu günlərdə Media.Az-da rusiyalı hərbçilərin əsirliyində 25 gün qalan və işgəncələrə məruz qalan Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsi 20 yaşlı azərbaycanlı Hüseyn Abdullayevlə müsahibəni xatırladıb. Onun sözlərinə görə bu müsahibəni Ali Radanın bir çox deputatları oxuyub və gəncin danışdıqları çoxlu emosiyalar yaradıb.

“Rusiya tərəfindən humanitar hüququn pozulması ilə bağlı bütün faktlar toplanıb. Bir neçə istiqamət var. Bununla Ukraynanın və digər ölkələrin hüquq-mühafizə orqanları məşğul olur. Məsələn, Fransa öz istintaq qrupunu göndərdi. ABŞ, Polşa, Baltikyanı ölkələr qatıldı. Deməli, araşdırma beynəlxalq xarakter daşıyacaq və bu, onun obyektivliyini təmin edəcək. Bundan əlavə, işğalın ilk günlərində Ukrayna BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi, həm Rusiyanın təcavüzü, həm səkkiz illik “əvvəlki” müharibə (çünki Rusiya hələ 2014-cü ildə ölkəyə soxulub), həm də insanlığa qarşı cinayətlər məsələlərinə baxılmasını istədi”, – deyə politoloq əlavə edib.

Siyasi xadim Kiyevin soyqırımı məsələsinin də qaldırılacağını deyib.

“Ali Rada rusiyalı hərbçilərin cinayətlərinin Ukrayna xalqına qarşı soyqırımı kimi tanınması üçün parlamentlərə və dünya ölkələrinə müraciət qəbul edib”, – deyən R.Pavlenko bu cinayətlərin həm iştirakçıları, həm də təhrikçilərinin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir