• Şb. Yan 28th, 2023

Rusiya XİN: “Azərbaycanla münasibətlərin səviyyəsinin yüksəldilməsi təbiidir”

ByYenigun.news

Apr 25, 2022

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi təbiidir, tərəflər ticari-iqtisadi və siyasi əlaqələri artırmaq niyyətindədir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Diplomat xatırladıb ki, fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırır.

“Biz bunu çoxşaxəli əlaqələrimizdə mühüm mərhələ kimi qiymətləndiririk və sözügedən Bəyannamənin bütün müddəalarını qətiyyətlə həyata keçirmək əzmindəyik”, – deyə Qonçar bildirib.

O vurğulayıb ki, sənəd dövlətlər arasında ikitərəfli münasibətlərin bütün spektrini əhatə edir və daha sıx xarici siyasət koordinasiyasını, ticarət-iqtisadi əməkdaşlığın (o cümlədən yanacaq-energetika və maliyyə sahələrində) qurulmasını nəzərdə tutur.

“Rusiya-Azərbaycan əməkdaşlığının məntiqi və intensivliyi bizi ikitərəfli münasibətlərin səviyyəsinin təbii yüksəlməsinə gətirib çıxardı. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması da çox simvolikdir”, – deyə diplomat sözlərini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir