• Şb. Dek 10th, 2022

Səfir: “Almaniya şirkətləri Qarabağın bərpasında böyük rol oynaya bilər” – MÜSAHİBƏ

ByYenigun.news

Sen 28, 2022

Almaniya ilə Azərbaycan arasında geniş və çoxşaxəli münasibətlər, konstruktiv siyasi dialoq və güclü iqtisadi əlaqələr qurulub. Bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Ralf Horlemann vəzifəsinin icrasına başladıqdan dərhal sonra bu münasibətləri yeni səviyyəyə qaldırmaqla bağlı planlarını açıqlayıb, Almaniyanın təcrübə və imkanlarının bu ölkənin regiondakı ən əhəmiyyətli iqtisadi tərəfdaşı olan Azərbaycan üçün faydalı ola biləcəyi əsas sahələri qeyd edib.

“Report” avqustun 16-da etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmiş Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

– Almaniyanın Azərbaycandakı yeni səfiri kimi əməkdaşlığın əsas prioritetləri qismində hansı sahələri müəyyənləşdirərdiniz və onlardan hansının inkişafına daha çox diqqət yetirəcəksiniz?

– Bu il Almaniya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. Son 30 ildə münasibətlər çox dinamik və müsbət inkişaf edib. Gələcəkdə onları dərinləşdirmək üçün də çoxlu imkanlar var.

İkitərəfli münasibətləri, xüsusən də ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyi və dərinləşdirməyi əsas vəzifəm hesab edirəm. Bundan əlavə, iqtisadi və ticarət əlaqələrimizdə əsasən aşağıdakı üç sektorda – energetika, infrastruktur və logistika, eləcə də maşınqayırma sahələrində böyük potensial görürəm.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan və enerji təchizatından silah kimi istifadə etməyə başlayandan Avropa enerji idxalını yenidən istiqamətləndirməli və diversifikasiya etməli oldu. Bu baxımdan Azərbaycan artıq mühüm rol oynamağa başlayıb. 2020-ci ildən Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropa bazarına qaz ixrac edir. Bu ixracı artırmaq üçün böyük potensial var. Bununla bağlı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında anlaşma memorandumu imzalanıb. Ümid edirik ki, Azərbaycan yaxın illərdə enerjidaşıyıcılarının ixracını artıra biləcək, özü də təkcə neft və qazı yox, həm də bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin həcmini. Bu, təkcə Almaniya baxımından deyil, həm də bütövlükdə Avropa üçün vacibdir, çünki Aİ iqtisadiyyatını karbonsuzlaşdırmağa başlayıb. Bu o deməkdir ki, “yaşıl” hidrogen və ya “yaşıl elektrik” kimi daha çox “yaşıl enerji” mənbələri – məsələn, Günəş və külək enerjisindən əldə edilən elektrik enerjisi istehsal və idxal etməliyik.

Qeyd etdiyim ikinci sahə logistika və infrastrukturdur. Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri ticarət və investisiya axınının cənuba doğru dəyişməsinin şahidi olduq və bu, “Orta dəhliz”i hərəkətə gətirir. Biz artan ticarətin öhdəsindən gəlmək üçün infrastruktur və logistikaya investisiyalar yatırılmasına böyük tələbat görürük və Almaniya şirkətlərinin də bu sektorda təklif edə biləcəyi çox şey var.

Üçüncüsü, Almaniya sənaye məhsullarının klassik sektorudur: maşınlar, avtomobillər və hər növ mühəndislik məhsulu. Almaniyanın bir çox kiçik və orta şirkətləri bu sahədə çox yaxşı işləyir. Onlar həmişə yeni imkanlar axtarırlar. Azərbaycanda layihələrə tenderlər keçirilsə, Almaniya şirkətləri orada olacaq.

– İki ölkə arasında hər hansı yeni layihələr gözlənilirmi? Olacaqsa, hansı sektorları əhatə edəcək?

– Bu günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında Gəncədə bərpa olunan enerji mənbələrindən istifadə etməklə alüminium məmulatlarının istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. Almaniya şirkətləri 2030-cu ildən sonra CO2 emissiyalarını azaltmaq üçün təmiz hidrogenin istifadəsini də araşdırırlar. Azərbaycanda CO2 emissiyası olmayan ekoloji cəhətdən təmiz məhsullar, məsələn, alüminium istehsal olunsaydı, buna, şübhəsiz ki, Avropa bazarında böyük tələbat olardı.

İnfrastruktur və logistikaya gəlincə, “Orta dəhliz” və Qarabağ Almaniya şirkətləri üçün satış, ixrac və ya sərmayə qoymaq üçün potensial olaraq çox maraqlı imkanlar təklif edir. Qarabağa gəlincə, Almaniyanın yenidənqurma və bərpa sahəsində böyük təcrübəsi var. Biz 32 il əvvəl yenidən birləşdik və yenidənqurma böyük iş idi. Ona görə də Qarabağın yenidən qurulmasında Azərbaycanın qarşısında duran vəzifənin miqyasını çox yaxşı başa düşürük. Almaniya şirkətləri tikinti, təmir, infrastruktur, “ağıllı” şəhərlər, davamlı inkişaf konsepsiyaları və bərpa olunan enerji istehsalının inkişafında potensial olaraq böyük və faydalı rol oynaya bilər.

– Almaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştiraka marağını artırmaq üçün hansı addımları atacaqsınız? O ərazilərə nə vaxtsa səfər etməyi planlaşdırırsınızmı?

– Bəli, əslində, mən artıq iki dəfə Şuşaya getməyi planlaşdırmışdım, lakin müxtəlif səbəblərdən gedə bilmədim. Oraya getməyi planlaşdırıram, lakin təxmini tarixi hələ bilmirəm. Gələn həftə Ağdama konfransa gedəcəyəm. Almaniya şirkətləri üçün investisiya imkanlarının harada olduğunu və potensial problemlərin harada yarana biləcəyini daha yaxşı başa düşmək üçün yerlərdə vəziyyət haqqında durumu yerində görmək istərdim.

Biz, təbii ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin ən qısa zamanda bağlanacağına ümid edirik. Avropa İttifaqı ilə birlikdə iki həftə əvvəl başlayan hərbi əməliyyatlara son qoymağa çağırdıq. Hesab edirik ki, sülh regionun hazırda ən çox ehtiyac duyduğu şeydir, çünki bu, həm də xarici investisiyalar üçün ilkin şərtdir. Bu regionun bərpası yalnız orada sülh və sabit mühit olacağı zaman mümkün olacaq.

– Söylədiniz ki, Almaniya bərpa olunan enerji mənbələrinə keçiddə Azərbaycana kömək edə bilər. Bunu necə etmək olar?

– Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensial var və ölkə bu sektorda iştirakını yenicə artırmağa başlayır. Almaniya bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi sahəsində böyük və uzunmüddətli təcrübəyə malikdir. Bu ilin birinci yarısında Almaniyada elektrik enerjisinin təxminən 50%-i bərpa olunan mənbələrdən əldə edilib. Almaniya hökuməti bu göstəricinin daha da artırılmasında çox maraqlıdır. Bərpa olunan enerji istehsalı və ətraf mühitin mühafizəsi sahəsində ixtisaslaşan bir çox şirkətlərimiz var ki, onlar Azərbaycana öz təcrübələrini ötürə, xüsusən də külək, Günəş enerjisi və “yaşıl” hidrogen sahəsində təcrübə qazandıra bilər. Açıq layihələr və tenderlər olarsa, Almaniya şirkətləri bu imkanları nəzərdən keçirəcək. Təbii ki, imkanlar yaxşı olarsa, şirkətlər investisiya qoyacaq.

– Almaniyada 1990-cı ildən Alman Birliyi Günü qeyd olunur. Bu müddət ərzində ölkənin ən yaxşı nailiyyətləri kimi nəyi göstərmək olar?

– Birləşməyimiz çox vacib olduğundan Alman Birlik Gününü qeyd edirik. “Birlik, ədalət və azadlıq” – Almaniyanın dövlət himni belə başlayır. Bu birliyi əldə etmək çox yaxşı oldu. Bu bizə son 32 il ərzində Şərqi Almaniyanı inkişaf etdirməyə və yenidən qurmağa və bunu qonşu ölkələrlə yaxşı münasibətləri qoruyub-saxlamaq və inkişaf etdirməklə sülh yolu ilə həyata keçirməyə imkan verdi.

Təbii ki, həm iqtisadi, həm də sosial problemlər çox idi. İqtisadiyyatda planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməli olduq. Sosial sahədə Almaniyanın şərqindəki insanlar üçün böyük problemlər yaşandı, çünki orada bəzi insanlar bir gecədə azadlıq əldə etdilər, bəziləri isə bir gecədə işlərini itirdilər.

İndi Azərbaycanın Qarabağ məsələsində üzləşdiyi kimi, görülməli çox iş var idi. Bu, nəsillərin vəzifəsidir. Geriyə nəzər salanda deməliyəm ki, biz Almaniyanın hər yerində bərabər şərait yaratmaqda çox uğurlu olmuşuq. Kifayət qədər razıyıq, lakin onu da başa düşdük ki, bu proses hələ başa çatmayıb, çünki bəzi problemlər qalmaqdadır, sadəcə, bu, nəsillərin bu kimi çağırışlarına xasdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir