• C. Dek 13th, 2024

Türkiyə-Səudiyyə Ərəbistanı: Qarşılıqlı ehtiyacların yaratdığı mənzərə – TƏHLİL

ByYenigun.news

İyn 23, 2022

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud iyunun 22-də Türkiyədə səfərdə oldu və Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirələr apardı.

Vəliəhd Misir və İordaniya səfərlərinin ardınca Türkiyəyə gedib, bu, Ərdoğanın aprel ayında Ər-Riyada səfərinə verilən xoşməramlı reaksiyanın göstəricisidir.

Ankara ilə Ər-Riyadın münasibətlərində bir neçə il öncə yaranan sönüklük artıq geridə qalır və yeni səhifə açılması müzakirə masasında aktuallıq kəsb edir.

Türkiyənin qapısını artan beynəlxalq təzyiqlərin əlləri döyür, bunun bir səbəbi də 2023-cü ildə keçiriləcək prezident seçkisinə qlobal rəqabət çərçivəsində çoxalan maraqlardır.

Ərdoğanın xarici siyasətində donmuş münasibətlərin açılması xətti seçki öncəsi fövqəladə əhəmiyyət kəsb edir, bu, Ankaranın mənfi ssenarilərə hazırlığının əlamətidir.

Belə olan təqdirdə, Türkiyə güclü təzyiq dalğasına məruz qalarsa, o, regional təcridlə üzləşməyəcək, Ərdoğan bunun düsturunu belə yazır:

O, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Misirlə əlaqələrdəki düyünləri açır və Səudiyyə Ərəbistanı ilə birlikdə proseslərə öz maraqları çərçivəsində töhfə verməyə çalışır.

Nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı geosiyasi təsir oyununda bir-birini zəiflədə bilmədiyindən rəqabətin tərəfdaşlıqla əvəz olunması vüsət alır.

Türkiyə Yunanıstanla yaşadığı gərginliyin dozasının azaldılması üçün Afinaya dəstək verən ölkələrə cəlbedici formullar təqdim edir, Ərəbistan da bu sırada dayanır. Bundan sonra Ərəbistan Yunanıstana dəstək xəttindən ayrılıb, ən azından, neytral qalmağa üstünlük vermək potensialını göstərəcək.

Ankara ilə Ər-Riyad qarşılıqlı maraq doğuran məsələlərin qalıcılığını təmin etmək üçün səylərini investisiya layihələrində birləşdirəcəklər.

Görünür ki, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı pərdəarxası normallaşmaya üstünlük vermir və problemləri, ortaq nöqtələri göstərmək üçün beynəlxalq ictimaiyyət qarşısında əl-ələ tuturlar.

Səudiyyə Ərəbistanı üçün bu əlsıxma ona görə vacibdir ki, o, Türkiyənin müdafiə sənayesinin resurslarına ehtiyac duyur, çünki İranın nəzarətində olan husilər Yəməndən Səudiyyə Ərəbistanı istiqamətinə tez-tez raket tolazlayırlar.

Səudiyyə Ərəbistanının müdafiə tələbatının artırılması siyasətini Ərdoğan-bin Salman görüşünün nəticələrinə dair verilən ortaq bəyanatda da görə bilərik: Tərəflər iqtisadi sahədən tutmuş, müdafiə sahəsinə qədər iki ölkənin maraqlarına xidmət edən addımların atılacağını bəyan ediblər.

PROQNOZLAR:

Ankara da, Ər-Riyad da geosiyasi imperativlərinə istinad müvazinətini saxlayacaqlar və bunun bir-birinə yönəlməməsini müəyyən edən sədd formalaşdırılacaq. Lakin Səudiyyə Ərəbistanı ABŞ-ın Türkiyəyə qarşı siyasəti tərəfə boylanmaqdan da qaçmayacaq.

İnandırıcı deyil ki, Türkiyənin şəriət dövləti ilə münasibətləri yenidən pisləşsin, çünki buna iqtisadi amillərin cəlbediciliyi imkan verməyəcək. Çünki iki ölkə arasında fikir ayrılıqlarının yaratdığı siyasi rəqabət iki ölkə üçün iqtisadi xərcləri artırırdı.

Bu xərclərdən tamamilə xilas olmaq üçün Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında strateji rəqabət güclü strateji tərəfdaşlıq həddi ilə əvəzlənə bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir