• Ç. Noy 13th, 2024

Xalqımız böyük xilaskarının xidmətlərini unutmur

ByYenigun.news

İyn 15, 2022

15 iyun 1993-cü il Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verməklə regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdı. 

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi xalqımızın gələcək taleyini müəyyən etdi. Ulu öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. 

İlk dəfə ümummilli lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Təcrid vəziyyətində olan Azərbaycan informasiya blokadasından çıxdı və ölkəmizlə bağlı dünyada formalaşan fikir müsbət yönümdə dəyişdi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıc təməli qoyuldu. Eyni zamanda 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Məhz həmin tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.  

1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırdı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə bu uğurların məntiqi nəticəsidir.

Qeyd edək ki, 15 iyun eyni zamanda Azərbaycan xalqının tarixində digər əlamətdar hadisəyə təsadüf edir ki, bu da bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması idi.

Həyatın bütün sahələrində qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir daha əldən verməyəcək, müstəqillik əbədi olacaq. 

Ümummilli lider Heydər Əliyevin 1993-cü il 15 iyunda Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir, xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir. 

Məzahir Əfəndiyev, Milli Məclisin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir