İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Qarabağın işğalı barədə tarixə ekskurs etdi.
Prezident İlham Əliyev dedi:
“Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdi. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər – hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq.
Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdi və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti oldu”.
Bəzi insanlar elə düşünürlər ki, AXC-Müsavat hakimiyyətini tənqid etmək olmaz və maraqlıdır ki, gətirdikləri “arqument” də gülməlidir.
Bunu arqument kimi təsnif etmək də düzgün deyil. Arqument müəyyən dəlillərə əsaslanan fikir toplusudur, daha itaətkar kütlə formalaşdırmaq üçün büt yaratmaq deyil.
Məsələnin başqa tərəfi də var. Siyasi hakimiyyətdə olmuş qüvvəni mühakimə etmək də, səhvlərini, düzünü göstərmək də normal qarşılanmalıdır.
Düzdür, Laçın və Şuşa işğal ediləndə AXC hələ hakimiyyətdə deyildi. Lakin AXC siyasi proseslərə böyük təsir göstərən, ictimai fikri yönləndirən qüvvə idi. O, hakimiyyətin müxtəlif qollarına sirayət edərək faktiki olaraq böyük bir nüfuz dairəsi yaratmışdı.
Adları və ya prosesləri nöqtəbənöqtə sadalamaq istəməzdik – kim hakimiyyəti necə bölüşdürmüşdü, “kölgə kabineti” necə yaradılmışdı, ozamankı legitim hakimiyyətin başı üzərində hansı toppuzu kimlər qaldırırdılar və sair.
Laçın işğal edildikdən sonra müdafiə naziri olan şəxs belə çıxış etdi ki, hakimiyyəti o ələ keçirməlidir. Guya bununla da Azərbaycanın faciələri sonlanacaq, amma o, həmin adam idi ki, Xocalıdakı soyqırımı zamanı Şuşa komendantı kimi yalanı yalana calayırdı. Həmin şəxs böyük ölçüdə o zamandan bəri radikal mövqedə duran qüvvələrin əsl prototipi idi.
Əlqərəz, bu faktdır ki, Şuşa da, Laçın da işğal ediləndə hakimiyyət uğrunda dava aparanların başında AXC dayanırdı. Bu, Xocalı faciəsindən sonra intensivləşmişdi.
AXC Şuşa, Laçın işğal olunanda hakimiyyətdə olmasa da, hakimiyyət səlahiyyətləri faktiki əlində idi. Onların tələbi və təkidləri qarşısında qətiyyətsiz hakimiyyət aciz qalmışdı.
Onsuz da, mərkəzi hakimiyyət uğrunda mübarizə gedirdi, AXC isə bu mübarizənin sonunda məğlub oldu. Səbəblər çoxdur, amma özləri də hakimiyyətləri üçün “qəbir” qazdılar.
Kəlbəcər məsələsində AXC məsuliyyət daşıyırdı, rəhmətlik Əbülfəz Elçibəy özü də ali baş komandan kimi məsuliyyəti boynuna alırdı.
Kəlbəcərin işğal olunmasında, təbii ki, Surət Hüseynov amili da rol oynayırdı. Ancaq nəzərə almaq lazımdır ki, Surət Hüseynovu yüksək vəzifələrə məhz AXC rəhbərliyi gətirmişdi. Nəticə olaraq isə Kəlbəcər AXC-nin hakimiyyəti dövründə işğal edildi.
Səriştəsizlik və siyasi savadsızlıq, idarəetmədəki xaos, hakimiyyət daxilindəki didişmələr, qonşu dövlətlərlə münasibətləri səhv qurmaq səbəbindən işğal edilən ərazilər sonrakı ərazi itkilərinin də açarı oldu. Beləcə, Azərbaycan ağır məğlubiyyətə düçar oldu.
Bu da faktdır ki, həmin səhvlər ucbatından Azərbaycanın üzləşdiyi məğlubiyyət sindromu 44 günlük Vətən müharibəsi ilə qırıldı.
Faktları qəbul edib-etməmək isə hərənin öz işinə qalıb. Yeri gəlmişkən, bu da faktdır ki, Azərbaycanın işğal altına düşən ərazilərinin azad edilməsi İlham Əliyevin prezidentliyi dövrünün ən böyük hədiyyəsidir.
44 günlük Vətən müharibəsi İlham Əliyevin siyasi qətiyyəti, Azərbaycan xalqının buna dəstək verməsi, ordunun bu harmoniyadan güc alması ilə başladı və torpaqlar işğaldan azad olundu.
Bununla da Cənubi Qafqazda yeni reallıqlar yarandı və Fransa kimi qüvvələr bu reallıqları həzm edə bilməyərək müxtəlif bəhanələrə söykəndilər. Bu bəhanələr fayda verməyəndə isə təhdidlərə keçdilər, bunlar da nəticə hasil etməyəndə şıltaqlıq səviyyəsinə düşdülər.
Maraqlı ol(may)an bir məqam da var. Fransa, onun avtoritetliyi və erməni lobbisinin qapazı altında olan Avropa Parlamentinin tezislərini indi bəzi azərbaycanlı şəxslər də dəstəkləyirlər. Təəccüblüdürmü? Xeyr…
P.S. Bu yazının AXC-nin Qarabağda qəhrəmanlıq göstərən batalyonlarına qəti aidiyyəti yoxdur. Çünki onlar özləri də AXC-nin siyasi qanadındakı didişmələri qəbul etmirdilər.
Aqşin Kərimov