Mingəçevirdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük istilik elektrik stansiyasının təməli qoyuldu.
Prezident İlham Əliyev “Gülüstan” sarayında çıxış edərkən 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan stansiyanın perspektiv üçün rolunu əhatə edən rəqəmlər səsləndirib.
İlham Əliyevin çıxışından fraqmentlər:
– Yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – iki milyon ton azalacaq;
– Beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq;
– Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək;
– Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq.
“Yəni bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən üç-dörd dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür”, – deyə Prezident bildirib.
Prezident İlham Əliyev çıxışında İtaliya və Çinin layihənin reallaşmasındakı iştirakına diqqət çəkdi.
Azərbaycanla İtaliyanın münasibətləri strateji tərəfdaşlıq xarakterinin də fövqünə çıxır, Bakı eyni münasibətdən yola çıxaraq Çinlə də əlaqələri inkişaf etdirir.
Məsələyə daha geniş strateji aspektlərdən baxmaq üçün İtaliyanın müasir beynəlxalq siyasətdəki roluna toxunmaq vacibdir.
İtaliyanın xarici siyasətinin nəzəri əsaslarının hansı strategiyaya söykəndiyi maraqlıdır.
İtaliya, bir növ, gizli oyunçudur, o, beynəlxalq nizamdakı mövcud variantları müəyyən edərək riskləri, imkanları, problemləri aydınlaşdırır.
Belə mövqe İtaliyanı ehtiyatlı manevrə vadar edir, fikir versək, görərik ki, Roma Qərbin Rusiyaya, Çinə qarşı kampaniyalarında həlledici bir iştirak payına sahib deyil.
Ancaq bu o demək deyil ki, İtaliya qlobal dinamikada birbaşa iştirakdan qaçır, xeyr, əksinə, o, beynəlxalq siyasətin fırtınasını sakitləşdirmək üçün töhfəverici xüsusiyyətlərə malikdir.
İtaliya NATO üzvü olsa da, onun xarici siyasət trayektoriyasında iki istiqamət incəliklə mühafizə edilir.
İtaliya beynəlxalq nizamın sabit olduğu zamanlarda Rusiya ilə əməkdaşlıq mövqeyini qabardır. Qeyri-sabitlik dövründə isə İtaliya ilə Rusiyanın maraqları bir-birindən fərqlənir, hərçənd ki, onlar baş-başa gəlməkdən də qaçırlar.
İtaliya Qərblə Çin arasındakı qarışıqlığın onlar arasında düşmənçilik yaradılmamasına çalışan bir gücdür. Hərçənd ki, İtaliyanın müttəfiqləri ilə Çin arasında koordinasiya qurması çətinləşir.
İtaliyanın belə oyunçuluq məharəti Azərbaycan üçün də sərfəlidir və Roma ilə Bakının əlaqələrində yazılan yeni səhifələrin xoşməramlı mətnləri üçün tezislərdir.
Beləliklə, yeni stansiya:
1. Azərbaycan-İtaliya-Çin əməkdaşlıq formatını canlandırmaq üçün münbit platformadır,
2. Azərbaycanın İtaliya vasitəsilə Avropadakı mövqelərini irəliyə aparması üçün yardımçı vasitə olacaq.
Aqşin Kərimov