• Ça. Noy 26th, 2024

Əliyev-Paşinyan GÖRÜŞÜ: Əldə edilən razılıqların mahiyyəti – TƏHLİL

ByYenigun.news

May 23, 2022

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti təmas yenə Brüsseldə baş tutdu.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşün beş saatdan artıq davam etməsi liderlərin sülh müqaviləsinə baxışının konseptual yanaşmadan detallı müzakirələrə keçidini göstərir.

Əliyev-Mişel-Paşinyan danışıqları prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri daşıyır.

Ümumilikdə istər Moskva, istərsə də, Avropa İttifaqının təşəbbüsü ilə baş tutan müzakirələrdə nə “Dağlıq Qarabağ” ifadəsinə yol verilir, nə ATƏT-in Minsk qrupunun həmsədrlərinə istinad edilir, nə də hazırkı mübahisəli məsələlər mahiyyət etibarı ilə münaqişə kimi xarakterizə olunur.

Deməli, artıq keçmişdəki təxribat elementləri yeni sənədlərdə və ya bəyanatlarda özünə yer tapa bilmir və bu, Azərbaycan dövlətinin postmünaqişə dövründə diplomatik manevrlərini gücləndirən faktora çevrilir.

Ermənistanın motoru isə soyuyub, çünki İrəvan həmin mühərriki qızdıran “yanacaq” vasitələrindən məhrum olur ki, bu da Bakının şərtləri qarşısında boyun əyməsi ilə nəticələnir.

Şarl Mişelin görüşün yekunlarına dair mətbuata verdiyi açıqlamadakı istiqamətləri icmal şəklində təqdim edəndə də Ermənistan üçün barmaq yeri qalmadığını görürük.

Cənab Mişelin bəyanatındakı xətləri qısa tezislərlə qeyd edək:

1. Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyinə toxunulub (əvvəl də bu mövzu Avropa İttifaqının gündəliyində yer tuturdu);

2. Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının birinci iclası sərhəddə baş tutacaq;

3. Əliyevlə Paşinyan kommunikasiyaların açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər;

4. Azərbaycan və Ermənistan liderləri xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər (Bu, praktiki olaraq yenilikdir. Burada Laçın dəhlizi ilə paralel aparılmadan Zəngəzur dəhlizi önə çəkilir);

5. Sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri görüşəcəklər;

6. Əliyevlə Paşinyan iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə yenidən bir araya gələcəklər;

7. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək.

Bu bəndlər istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən bütün razılaşmaların mahiyyətini bir nöqtəyə birləşdirir və praktiki işlər üçün yeni fürsətlər pəncərəsi açır.

Avropa İttifaqının duruşu onun uzunmüddətli və davamlı sülh üçün iradə nümayiş etdirdiyini göstərir.

Etiraf etmək lazımdır ki, istər ABŞ, istərsə də Rusiyadan fərqli olaraq Avropa İttifaqının Cənubi Qafqazdakı maraqları siyasi ambisiyalara deyil, daha çox iqtisadi əsaslara söykənir.

Razılaşmanın bir bəndi var ki, onun üzərində ayrıca dayanmaq lazımdır, çünki ondan müxtəlif spekulyasiyalar üçün istifadə edilə bilər.

Söhbət Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələsindən gedir, cənab Mişelin açıqlamasında bu mövzuya da toxunması əslində sırf Azərbaycanın maraqlarının ifadəsidir.

Onsuz da, Azərbaycan öz ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir.

Azərbaycan Konstitusiyasına əsasən, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Yəni ana qanunla müəyyən edilən bütün hüquq və azadlıqlar, vətəndaşlar üzərinə qoyulan vəzifələr onlara da şamil oluna bilər. Amma şərt var.

Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatının yalnız onların öz iradəsindən asılı olacağını söyləyə bilərik.

Seçim onlarındır: Ya Azərbaycan bayrağı altına keçəcəklər, yurisdiksiyasını tam qəbul edəcəklər, ya da üzlərini Ermənistana tutub suveren ərazilərimizdən çıxacaqlar.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir