“ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də keçiriləcək görüşdə hərbi paktın müzakirə ediləcəyi barədə rəsmi məlumat var”.
Bunu “Report”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
O qeyd edib ki, üçtərəfli müzakirələrin nəticəsində Qafqazda yeni hərbi birliyin yaradılmasına cəhd edilir:
“Bu prosesin başlanğıcı Avropa İttifaqı müşahidə missiyasının Qafqaza – Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi idi. Əvvəl iki aylıq gələn missiyanın müddəti sonradan ikiillik edildi. Missiyanın tərkibində və mandatında da dəyişiklik olundu. Bütün bunlardan sonra üçtərəfli 5 aprel görüşünün keçirilməsi ümumi işin növbəti mərhələsidir. Bu proseslərdə NATO-nun xətti aydın görünür və bir növ silahlanmadan söhbət gedir”.
Ə.Əlibəyli hesab edir ki, bütün bu addımlar, siyasi gedişlər Rusiya, Türkiyə və Azərbaycana qarşı birliyin formalaşdırılmasına yönəlib:
“Rəsmi Bakının tələbinə cavab verilmişdi ki, guya bu üçtərəfli görüş Azərbaycana qarşı yönəlməyəcək. Belə açıqlamalar verilibsə, deməli, tamamilə əksini müşahidə edəcəyik”.
Qeyd edək ki, aprel ayının 5-də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Brüsseldə görüş keçirəcək.