• Ç. Dek 25th, 2024

ABŞ və Çinin uğrunda “savaşdığı” texnologiya: “İnsan sağlamlığına təhlükə yaratması iddiası doğru deyil” -FOTO

ByYenigun.news

Dek 1, 2022

Çinin ekspansiya siyasətində texnoloji yeniliklər və bu vasitələrlə dünyada şəbəkə yaratması strateji plan kimi keçir.

5G texnologiyası üzrə Çin qlobal şəbəkə yaradıb və bəşəriyyəti bu virtual habın içərisində saxlamağa çalışır.

Çinin ambisiyalarının genişlənməsi ən çox Qərbin çətiri altında olan şirkətləri narahat edir, çünki bu, bazarlarda onlar üçün narahatlıqlar yaradır.

Emili de La Bruyer də Çinin artan iqtisadi və virtual gücünün təhdid yaratdığı düşüncəsindədir.

Arayış: Emili xanım “Horizon Konsaltinq” şirkətinin həmtəsisçisi və Demokratiyaların Müdafiəsi Fondunun baş əməkdaşıdır.

O, Çinin sənaye ambisiyalarını, texnoloji inkişafını və bunun hərbi-mülki birləşmə strategiyasına, beynəlxalq təhlükəsizlik və iqtisadiyyata təsirlərini araşdırır.

Xanım Bruyer qərar qəbul edənlərə geosiyasi, texnoloji və iqtisadi inkişaflar, risklər və imkanlar haqqında məlumat vermək üçün ilkin mənbəli, Çin dilində materiallardan istifadə edir.

O, Prinston Universitetində bakalavr dərəcəsini bitirib və Parisin “Sciences Po” məktəbində magistr dərəcəsini alıb.

Onun işlərinə “The New York Times”, “Bloomberg” və “Wall Street Journal”da və digər nüfuzlu nəşrlərdə də istinad edilir.

Emili xanım Azərbaycanda səfərdədir və o, ABŞ-nin Bakıdakı səfirliyində, səfirliyin təşəbbüsü ilə bir neçə yerli media nümayəndələri ilə görüşərək onların suallarını cavablandırıb.

Dünyada rəqəmsal inqilab yaratmaq uğrunda rəqabətin getdiyini deyən xanım Bruyer 5G şəbəkəsinin həmin prosesə töhfə verdiyini söyləyib.  

O bildirib ki, müasir texnologiyalar kommersiya, mülki və hərbi məqsədlərlə istifadə edilir:

“Çin də həmin tətbiqlərdən yararlanaraq ambisiyalarını həyata keçirir”, – deyə Emili de La Bruyer qeyd edib.

Ekspert deyir ki, artan rəqabət kibertəhlükəsizlik üçün təhlükələr, risklər deməkdir və buna qarşı müdafiə olunmaq mexanizmləri inkişaf etdirilir.

5G texnologiyası insanların gündəlik həyat tərzinə və quruculuq qabiliyyətinə dərindən təsir edir.

Bu texnologiya sələflərindən fərqli olaraq sürətlidir, daha çox imkan deməkdir və yeni nəsil texnologiyaları dəstəkləmək xüsusiyyətinə malikdir.

5G texnologiyası internet üzərindən aparılan əməliyyatlarda insanlar üçün inanılmaz fürsətlər verir.

Ancaq bu qədər dərin kiber və virtual xüsusiyyətlərə malik olan texnologiyanın insanların sağlamlığına mənfi təsirləri barədə fikirlər narahatlıqlar yaradır.

Emili xanım bildirib ki, 5G texnologiyasının insanların sağlamlığına təsirini araşdırmasa da, bu iddialar konspirasiya nəzəriyyələrinin bir hissəsidir.

“Deyilənlər və iddialar doğru deyil”, – deyə xanım Bruyer qeyd edib.

Bəs bir-birilə hərtərəfli rəqabətə girən ABŞ və Çin – hansı gələcəkdə 5G texnologiyası üzrə daha güclü olacaq?

Emili de La Bruyer qeyd edir ki, bunu proqnozlaşdırmaq çətindir, çünki hər şey trendlərdən və geopolitik faktorların texnologiyalara təsirlərindən asılıdır.

Ekspert Azərbaycanla bağlı da bir neçə suala cavab verib.

İlk olaraq Azərbaycanla ABŞ-nin kibertəhlükəsizlik sahəsində əməkdaşlığına diqqət çəkib və deyib ki, iki ölkə birgə həllərin hazırlanmasında iştirak edə bilər.

“Bilirik ki, Azərbaycanın İsraillə kibertəhlükəsizlik sferasında əməkdaşlığı mövcuddur. ABŞ ilə İsrail də bu sahədə yaxşı əməkdaşlığa malikdirlər. ABŞ Azərbaycanla bu sahədə öz qabaqcıl təcrübələrini bölüşə bilər”, – deyə o əlavə edib.

Ekspert Azərbaycanda keçirdiyi görüşlərdən belə nəticəyə gəlib ki, ölkədə 5G texnologiyasının inkişafına böyük maraq var.

“Ancaq 5G texnologiyasında böyük keçidə nail olmaq bir sıra texniki məsələlərdən asılıdır”, – deyə o fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir