• Be. Noy 25th, 2024

Abşeronda “Türk şəhidliyi” abidəsi ziyarət olunub – FOTO

ByYenigun.news

Mar 18, 2024

Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə martın 18-də Abşeron rayonun Digah qəsəbə qəbiristanlığında naməlum türk əsgərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsi ziyarət olunub.

“Report”un yerli bürosu xəbər verir ki, ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, rəsmilər, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abidənin və naməlum türk əsgərinin məzarı üzərinə əklil və gül dəstələri düzülüb.

Azərbaycanın və Türkiyənin azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Digahdakı abidə 1918-ci ildə Azərbaycanın düşmən işğalından azad edilməsində şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılıb.

Xatırladaq ki, bu gün Osmanlı dövlətinin Çanaqqalada Antanta İttifaqının dəniz qüvvələri üzərində qazandığı qələbənin 109-cu ildönümüdür.

1915-ci il martın 18-də Antanta üzərində qazanılan bu zəfər Çanaqqala dəniz qələbəsi adlanır.

Mustafa Kamal Paşanın başçılığı altında Osmanlı qoşunlarının 1915-ci il fevralın 19-da dənizdə başladığı müqavimət hücumu martın 18-də zəfərlə başa çatıb.

Antantaya qarşı quruda müqavimət isə 1915-ci il aprelin 15-də başlayıb, 1916-cı il yanvarın 9-da qələbə ilə başa çatıb. Antanta İttifaqına Böyük Britaniya Krallığı, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa daxil idi. Osmanlı isə Avstriya-Macarıstan, Almaniya ilə bir hərbi blokda müharibədə iştirak edirdi.

Hər il martın 18-də Türkiyədə Zəfər bayramıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir