• Ç. Noy 27th, 2024

Albaniya televiziyası Qarabağdan reportaj hazırlayıb: “Müharibə geosiyasi lüğəti dəyişib” – FOTO

ByYenigun.news

İyn 17, 2022

Albaniya kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi iyunun 1-dən 5-dək Azərbaycanın Qarabağ iqtisadi rayonunda səfərdə olub.

“Report” xəbər verir ki, bununla bağlı ölkənin tanınmış “Balkan web” və “News24” mətbu orqanlarında məqalə dərc olunub, videoreportaj yayımlanıb.

“News24”ün “Qarabağ – ermənilərlə azərbaycanlılar arasında “nifaq alması” adlı reportajında qeyd olunub ki, çoxları Dağlıq Qarabağ adlı bölgə haqqında eşidiblər:

“Bura Azərbaycanın ürəyində, dövlət sərhədləri daxilində, Cənubi Qafqazda yerləşir. Qarabağ son iki-üç əsrdə ermənilərlə azəbaycanlılar arasında nifaq mənbəyi olub. Bu, XX əsrin əvvəllərində Ermənistanın iddia etdiyi ərazinin bir hissəsində erməni əhalisinin olmasının nəticəsidir. Digər tərəfdən, Azərbaycan ərazisini öz tərkib hissəsi kimi davamlı müdafiə edib. 1980-ci illərin sonlarında Azərbaycanın daxilində ermənilərin separatçı hərəkatlara başlaması və Azərbaycanın buna son qoymağa çalışması və beləliklə də, ilkin olaraq ermənilərin qızışdırdığı və Rusiyanın hərbi dəstəyi ilə Ermənistanın qələbəsi ilə başa çatan I Qarabağ müharibəsi ilə vəziyyət daha da pisləşib. Ermənistan bölgənin Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq, bütün Qarabağ bölgəsini və ətraf rayonları işğal etmişdi. Ermənilərin işğal etdiyi ərazi Azərbaycanın tərkib hissəsi olduğundan beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt tanınmayıb. Sovet İttifaqı dağıldıqdan və 1992-ci ildə Qarabağdakı erməni separatçıları “müstəqillik” elan etdikdən sonra müharibə daha da şiddətlənib, bu “müstəqillik” Azərbaycan tərəfindən heç vaxt tanınmayıb. Ermənilərin bombardmanları və hərbi əməliyyatları nəticəsində keçmiş Dağlıq Qarabağ ərazisindən və ətraf rayonlardan 750 minə yaxın azərbaycanlı zorla qovulub, 250 mindən çox azərbaycanlı isə Ermənistandan qaçqın düşüb.

Nəhayət, 1994-cü ildə atəşkəs elan edilib, lakin bu illər ərzində atəşkəsə əməl olunmayıb. Qarabağ bölgəsi bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi tanınıb. BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul edib. Avropa Parlamenti və digər beynəlxalq qurumların qətnaməsi açıq şəkildə Ermənistanın nəzarətini işğal kimi qiymətləndirib. Azərbaycan-Ermənistan münaqişəsinin tarixi-geosiyasi köklərinə nəzər salsaq, qanlı hekayələr, dərin nifrət izləri, təhdid və qətllər görərik.

2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan 30 ilə yaxındır Ermənistanın işğalı altında olan bir neçə şəhəri, 300-dən çox qəsəbə və kəndi azad edib. Bundan əvvəl Azərbaycan ərazisinin 20 faizə yaxını qanunsuz işğal altında idi. Döyüş Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsi, Ermənistanın isə məğlubiyyəti kimi qiymətləndirilən sövdələşmə ilə başa çatıb. Rəsmi Bakı hesab edir ki, keçmiş Dağlıq Qarabağda münaqişə başa çatıb. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib.

Bu gün bu ərazi qismən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Rusiya Federasiyası və Türkiyə bu münaqişədə iki ölkənin – Ermənistan və Azərbaycanın ərazi bütövlüyü əsasında vasitəçilik rolunu oynayır. Rusiya öz sülhməramlı kontingenti ilə təmsil olunur. Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi keçmiş Qarabağ münaqişəsi zonasında fasiləsiz atəşkəs rejimini müşahidə edir. Ermənistan və Azərbaycan arasında Qarabağda 2020-ci ildə baş verən qanlı münaqişə nəinki xəritəni, görünür, geosiyasi lüğəti də dəyişib.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmana əsasən, yeni Qarabağ iqtisadi rayonları yaradılıb. Məqsəd həm də “dağlıq” sözünün çəkilməməsidir.

İlham Əliyev Qarabağı cənnətə çevirəcəyini vəd edib. Münaqişənin nəticələrini, eyni zamanda, onilliklər ərzində gedən keşməkeşli tarixi, eləcə də bütün yenidənqurma prosesini yaxından görmək üçün “News 24” komandası dörd gün ərzində işğaldan azad edilmiş Qarabağ bölgəsində olub və Prezidentin xüsusi nümayəndələri ilə söhbət edib. Burada yenidənqurma prosesi heyrətamiz sürətlə gedir. Yollar, körpülər, dəmir yolları, hava limanları tikilir…

Biz Qazaxıstandan bir qrup jurnalistlə birlikdə Azərbaycan hökumətinin il yarımdır ki, həyat verdiyi minalanmış sahələr, kəndlər və kabus şəhərlərə səyahət etdik. “News 24” Qarabağın işğaldan azad edilmiş ərazisi haqqında reportaj hazırlayan ilk alban televiziyasıdır və burada münaqişədən sonrakı əraziyə yaxından baş çəkib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Ordusunun istehkam bölmələri Füzuli rayonunda zamanla yarış şəraitində olduqca intensiv işləyirlər. ANAMA qrupunun rəhbəri Habil Babayev deyir ki, 230 min kvadratmetr ərazi təmizlənib, cəmi 92 min 800 kvadratmetr ərazi qalıb.

“Keçdiyimiz cığır hələ də magistralın tikintisinə yol açmaq üçün minalardan təmizlənir. Bir kilometr yolu təmizləmişik, indicə inşaatçılara təhvil verdik. Növbəti kilometri təmizləməyə çalışırıq. Bu ərazi ermənilər tərəfindən işğal olunmuşdu. Bu günə kimi biz 949 piyada əleyhinə mina və 857 tank əleyhinə mina aşkarlamışıq. Əraziyə görə iki qrupa bölünmüşük. Biz 15 gün ərzində ərazini tamamilə minalardan təmizləyəcəyik. Ermənilərin bizə verdiyi xəritələr tamamilə yararsız idi, biz onları qətiyyən ciddi sənəd hesab etmirik, ona görə də Qarabağı minalardan təmizləyirik”, – H.Babayev bildirib.

Ermənilər və azərbaycanlılar arasında münaqişənin nəticələrini yaxından görmək üçün yolumuzdan ayrılırıq, illərdir tərk edilmiş və yaşayış olmayan evləri müşahidə edirik…

Ermənilərin bombardmanları və hərbi əməliyyatları nəticəsində keçmiş Dağlıq Qarabağ və ətraf rayonların ərazisindən 750 minə yaxın azərbaycanlı zorla qovulub.

Səfərdə bizi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov müşayiət edir. Qarabağda Füzuli rayonunun girişində yaşı 100-dən çox olan məscidi görmək üçün dayanırıq. Ermənilər bir çox məscidlər kimi onu da dağıdıb, mal tövləsinə çevirmişdilər. Azərbaycan hökuməti ermənilərin dini ziyarətgahlara nələr etdiklərini ziyarətçilərə izah edir. Hətta A.İmanova da dərhal danışmaq asan deyil, görüntülər onu şoka salır.

“Qarabağda dağıdılmış tarixi və dini abidələrimizə baxanda özümü necə hiss etdiyimi izah etmək çətindir. Burada yerləşən XX əsrə aid olan məscid heyvan tövləsi kimi istifadə edilib. Təəssüf ki, Qarabağın bütün dini abidələri tamamilə dağıdılıb və ya 30 ildir ki, tövlə kimi istifadə olunub. Biz bu məscidi toxunulmaz saxlayırıq ki, təkcə Füzulidə deyil, bütün rayonlarda baş verənləri, bu vandalizmin, dağıdıcılığın dərəcəsini göstərək. Məscidlərin qalan hissəsi bərpa olunur. Kilsələr və monastırlar da bərpa olunur”, – Araz İmanov bildirib.

Məscidin yaxınlığında çoxəsrlik qəbiristanlıq var. Ermənilər mənzillərdə pilləkən tikmək üçün azərbaycanlıların qəbirlərinin mərmərini talayıblar. Bəs bunun səbəbi nədir? A.İmanov deyir ki, ermənilər bunu etməklə azərbaycanlıları alçaltmağa cəhd ediblər.

“Ermənilərin 30 illik işğalı zamanı qəbirlərin əksəriyyəti dağıdılıb, talan edilmiş mərmərdən evlərdə pilləkənlər tikilib, azərbaycanlıları rüsvay etmək üçün istifadə olunub. Onlar qəbirləri eşərək meyitlərin qızıl dişlərini götürüblər. Qəbirlərin 100 ildən çox yaşı var, daşlardan tikinti üçün istifadə olunmayıb, Qarabağda başımıza gələnlərin kiçik bir nümunəsini təqdim edirik”, – A.İmanov söyləyib.

Məscid və qəbiristanlıqdan Füzuli şəhərinin mərkəzinə keçirik. Burada üç onillik əvvəl minlərlə sakin yaşayırdı, şəhərin mədəniyyət mərkəzi, nəşriyyatları, hətta jurnalistləri də var idi.

Növbəti dayanacaq Füzuli Beynəlxalq Hava Limanıdır. Hava limanının direktoru Zaur Qasımov deyir ki, “Ginnesin Rekordlar Kitabı”na düşməyə layiq rekord müddətdə tikilmiş hava limanı uçuş-enmə zolağında səkkiz təyyarə daşıya bilir və saatda 200 sərnişinə xidmət göstərir. Son beynəlxalq uçuşlar Türkiyə və İrandan olub. Bu hava limanı dünya üçün Qarabağa açılan qapıdır. Hökumət Qarabağın yenidən qurulması planı çərçivəsində daha iki – Zəngilan və Laçın aeroportunu tikməyi planlaşdırır. Prezidentimizin dediyi kimi, Füzuli Beynəlxalq Hava Limanı Qarabağ üçün dünyaya açılan qapıdır. Bu, qonşularımız və regionumuzla əməkdaşlığa başlamaq üçün yaxşı fürsətdir.

Növbəti təyinat üçün İranla sərhəd boyu uzun bir yolu qət etməli olduq. Azərbaycan 2020-ci ildə baş verən müharibə zamanı azad edilmiş ərazilərə yüz minlərlə vətəndaşını köçürməyə və məskunlaşdırmağa hazırlaşır.

Buradakı kənddə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasovun izah etdiyi kimi, icma iqtisadi inkişafı maksimuma çatdırmaq üçün rəqəmsallaşma, avtomatlaşdırma və bərpaolunan enerji, innovativ kənd təsərrüfatı kimi ən son texnologiyalardan istifadə ediləcək. Kənd təsərrüfatı “müasir texnologiya və birgə idarəetmə” əsasında qurulacaq.

“Biz “Ağıllı kənd” qurmaq üçün bütün dünyada ən yaxşı təcrübə əldə etmişik. Konsepsiyamız beş əsas təməl üzərində qurulub. Tikinti ermənilər tərəfindən dağıdılmış üç ətraf kəndin xarabalıqlarında aparılıb. Qoyduğumuz daşlara baxın. Bizdə olan yenilik belədir, məlumatlar süni intellektlə toplanacaq. Bu gün bu kənddə 200 evimiz var, digərləri də tikiləcək. Hər kəsin texnoloji avadanlıqları olacaq və məlumatlar ətraflı təhlil ediləcək. Yerli hakimiyyət orqanları bu məlumatları emal edəcək. Sakinlər bu kənddə bütün xidmətlərdən, ən müasir texnologiyalardan istifadə edəcəklər”, – Əkbər Abbasov qeyd edib.

Səkkiz keçid məntəqəsindən sonra Laçın dəhlizində keçmiş Dağlıq Qarabağla Ermənistanın təmas xəttində sülhməramlı mandatlı Rusiya əsgərlərini də gördük. Ağır silahla ermənilərin keçdiyi yolu qoruyurdular. Lakin bizə qəti şəkildə çəkiliş aparmağa icazə vermədilər.

Növbəti dayanacaq Şuşa – Azərbaycanın qələbəsinin ən qiymətli incisi oldu! Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il Azərbaycanda “Şuşa ili” elan edilib. 270 il əvvəl dəniz səviyyəsindən 1 400 metr hündürlükdə tikilən, şəfalı və büllur kimi saf olduğu üçün Azərbaycan dilində şüşə mənasını verən Şuşa şəhəri musiqinin və poeziyanın beşiyidir. 1830-cu ildə Azərbaycanda ilk məktəb burada açılıb. Şəhərdə ilk dəfə xalq kitabxanaları fəaliyyət göstərib və kiçik mətbəə də olub. 1848-ci ildə ilk teatr tamaşası səhnəyə qoyulub. Şuşa uzun müddətdir “Qafqazın mühafizəkarı” şöhrəti qazanıb. Lakin müharibə Şuşanı tamamilə dağılmış infrastrukturla, o cümlədən yaşayış məhəllələri, dini tikililər, tarixi və mədəni binalarla tərk etdi.

Ermənistan silahlı qüvvələrinin 28 illik işğalından sonra 2020-ci il noyabrın 8-də Şuşa şəhəri nəhayət ki, azad edilib. Noyabrın 8-i Azərbaycanda Zəfər Günü, qələbə günüdür! Bu gün, onilliklər boyu dağıdıcılıq və talanlardan, həm də son vaxtlar ermənilər tərəfindən həyata keçirilən bombardmanlardan sonra Şuşa şəhərində tarixi-mədəni irsi də daxil olmaqla ümumi yenidənqurma və bərpa işləri aparılır. Yenicə bərpa edilən şəhərin 270 illik qalasında təsadüfən ağladığını gördüyüm 68 yaşlı Sevil 30 illik işğaldan sonra evinə qayıdıb.

“Evimi görməyə gəlmişəm, bu yaşda Şuşamı görməyə gəlmişəm. Bu gün bura gəldiyim üçün çox sevinirəm. Allah Prezidentimizi, xalqımızı, ordumuzu qorusun, şəhidlərimizə haqq etdikləri rahatlıq versin”, – Sevil bildirib.

Otuz il boyu erməni işğalı altında qalan Şuşa şəhərində köhnə kilsələr də daxil olmaqla yenidənqurma və bərpa işləri aparılır. Əhalinin birgə yaşayışı ona yönəlib ki, modernist yanaşma ilə Azərbaycanda dini mənsubiyyətə görə fərq qoyulmadan bütün dini abidələr və yerlər eyni dərəcədə Azərbaycanın multikultural irsinə aid olsun. Hökumətin planı məcburi köçkünləri öz evlərinə və zorla çıxarıldıqları torpaqlara köçürməkdir.

Bu gün Şuşada 4 000 nəfər, o cümlədən tikinti işçiləri və idarə heyəti yaşayır. Maraqlı odur ki, bu gün Şuşada cəmi 25 qadın və qız yaşayır və işləyir. Biz bəstəkarların və şairlərin bərpa olunmuş muzeylərindən bəzilərini ziyarət etdik… Azərbaycanın dünyada ən məşhur səsi olan Bülbülun ev muzeyi kimi…

Xan sarayı, xan qızının fəvvarəsi, şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi kimi memarlıq abidələri sökülmədən bərpa edilib. Lakin biz hələ də mədəni irs obyektlərində döyüşlərin izlərini görürük. Bərpa növbəsi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi və Gövhər Ağa məscidindədir. Bərpasını gözləyən mədəniyyət və dini obyektlərin siyahısı uzundur.

Gəncə şəhərinə doğru səyahətimizə davam edirik. 2020-ci ilin oktyabr ayı Gəncə şəhəri sakinlərinin yaddaşında uzun müddət qalacaq. İki uşaq atası Samirin Qələbə Parkındakı mənzilinin yaxınlığında ermənilərin “Toçka-U”, “Smerç”, “Skad” raketləri ilə hücuma keçdiyi gecəni unutmaq asan deyil… Samirin övladları yaralanmışdı. Gəncə şəhəri Qarabağ bölgəsindən kənarda yerləşir, lakin bu, Ermənistan ordusunun hərbi obyektlərin olmadığı ərazidəki mülki əhalinin evlərinə raket zərbələri endirməsinə mane olmayıb.

“Yaxınlıqda yaşayıram, gecə saat iki idi, yataqda televizora baxırdım, bizi raketlə vurdular, dəhşətli idi. Səs dəhşətli idi, yaxınlıqda üç raketin düşdüyünü eşitdim, iki uşağım yaralandı. Ermənilərin Gəncəyə hücumlarından sonra qaçmadıq. Azərbaycan Ordusu ermənilərə yaxşı cavab verdi. Bu, təkrar olunarsa, döyüşəcəyəm, bütün Gəncə, bütün Azərbaycan düşmənlə vuruşacaq”, – 41 yaşlı Samir bildirib.

Ermənistan silahlı qüvvələri bağçaları və məktəbləri ağır artilleriyadan atəşə tutaraq uşaqları, günahsız insanları qətlə yetirirdi. Amma vətəndaşlar növbəti gün səhər oyanaraq işə gedirdilər. Həyatını itirən balacaların oyuncaqları hələ də müharibənin qəddarlığının sübutu kimi dağılmış evlərin yanında dayanır.

“2020-ci ilin oktyabrında ermənilər Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin bu ərazisini raket atəşinə tutub. Altısı uşaq olmaqla 26 nəfər həlak olub, 142 nəfər yaralanıb. Ermənilərin hədəfi mülki əhalinin mənzilləri olub.

Ermənilər cəbhədə itki verdikdən sonra döyüş meydanından çox aralıda mülki əhalinin evlərini hədəfə almağa və atəşə tutmağa başladılar. “Toçka-U”, “Smerç”, “Skad” raketləri ilə bizə hücum etdilər. Məqsəd vətəndaşlar arasında qorxu və təşviş yaratmaq idi, lakin buna nail olmadılar, bu gün biz daha möhkəm birləşmişik”, – Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Azər İbrahimov bildirib.

Bu gün Azərbaycan hökumətinin qarşısında duran vəzifələr aydındır. Bunlar erməni işğalından azad olunmuş ərazilərin minalardan təmizlənməsi, Qarabağın bərpası, regional iqtisadi əməkdaşlıq, yaxın iqtisadi əlaqələr vasitəsilə erməni qonşuları ilə etimadın yaradılmasıdır. Bu gün çoxları düşünür ki, gələcəyin təməl daşı iki dövlətin ərazisində ermənilərlə azərbaycanlıların birgə yaşaması olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir