Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında müzakirələr səngimir. Dünən, sentyabrın 28-də bu ölkənin eks-prezidenti Robert Köçəryan bir sıra ziddiyyətli açıqlamalar verib. O qeyd edib ki, KTMT-nin hər hansı addımlar ata biləcəyinə (Ermənistanın təhlükəsizliyinə yönəlik) ümid etmək olmaz. Sabiq prezident fikrinin davamında bildirib ki, təşkilatdan çıxmaq Ermənistana yalnız zərər verəcək. O vurğulayıb ki, Ermənistan KTMT-də qalmalı və mümkün qədər geniş diapazondan faydalanmağa çalışmalıdır.
Eyni zamanda, Robert Köçəryan təhlükəsizlik arxitekturasına yenidən baxmağın və hansı dövlətlərin və amillərin Azərbaycana və Türkiyəyə təsir edə biləcəyini ayıq şəkildə qiymətləndirməyin vacibliyini vurğulayıb. Qeyd etmək lazımdır ki, bu gün Rusiya və KTMT-nin təsir rıçaqları xeyli zəifləyib.
“KTMT bu gün ümumiyyətlə təsir rıçaqlarından məhrumdur” deyən Köçəryan vurğulayıb ki, KTMT-yə üzv olan bir çox ölkə Ermənistanla müqayisədə Azərbaycanla daha sıx əlaqələr saxlayır. O, həmçinin qeyd edib ki, ABŞ və Fransanın da Azərbaycan Respublikasına, xüsusən də Türkiyəyə təsir rıçaqları yoxdur.
Məsələ ilə əlaqədar Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da çıxış edib. O bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü heç vaxt Ermənistan Respublikasının Qərbdən hərbi alış-veriş etməsinə mane olmayıb.
Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” Partiyasından olan deputatı Qagik Melkonyan isə bəyan edib ki, ABŞ Ermənistana yalnız KTMT-dən çıxacağı təqdirdə silah satacaq.
Görünən odur ki, KTMT artıq ciddi böhran keçirir.
Oxu.Az yuxarıda qeyd olunan məsələləri şərh etmək üçün Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçixinə müraciət edib.
– KTMT də artıq uzun müddətdir ki, ləngər vurur. Təşkilatın üzvü olan ölkələrin çoxlu problemləri, bir-birinə münasibətdə qarşılıqlı iddiaları var. Ermənistanda hətta hakim partiyanın nümayəndələri də ölkənin bu hərbi alyansda iştirakından narazıdırlar, KTMT-ni fəaliyyətsizlikdə ittiham edir və təşkilatdan çıxandan sonra Qərbin silahlarını gözləyirlər. Alyansa daxil olan Qırğızıstanla Tacikistan arasında münaqişə var. Ötən gün Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov Tacikistanın Qırğızıstana silahlı basqınını nəzərə alaraq təşkilatın nizamnaməsinə yenidən baxılmasını təklif edib.
– Prinsipcə, mən bu təşkilat haqqında yaxşı heç nə düşünmürəm və əgər o, mövcudluğunu dayandırsa, mən üzülməyəcəyəm. Amma eyni zamanda aydındır ki, heç bir bürokratiya heç vaxt öz-özünü buraxmır. Bəli, Rusiya hansısa imic səbəblərinə görə imkansız olsa da, bu təşkilatı xilas etməyə çalışır. Ona görə də KTMT-nin buraxılacağını düşünmürəm.
– Bəs KTMT-də hansı problemlər var? Məsələn, Minsklə Bakının hərbi-texniki sahədə əməkdaşlığına görə Ermənistanın Belarusa qarşı ciddi narazılıqları var…
– Düşünmürəm ki, Ermənistanla Belarus arasında problemlər KTMT-yə təsir edə biləcək qədər güclüdür. Vaxtaşırı bir-biri ilə döyüşən Qırğızıstanla Tacikistan arasındakı gərgin münasibətlər daha önəmlidir. Bundan başqa, KTMT-nin üzvü olan Mərkəzi Asiya dövlətlərinin, demək olar ki, hamısı Ermənistanla münaqişədə daha çox Azərbaycanın tərəfindədir. Ümumiyyətlə, KTMT-də ziddiyyətlər və münaqişələr kifayət qədərdir. Yeri gəlmişkən, axı Rusiya da Azərbaycana silah verirdi. Ona görə də təkrar edirəm, bu təşkilatın daxilində çoxlu problemlər var, onun mövcudluğu, sadəcə, mənasızdır. Amma heç kim KTMT-ni elə-belə buraxmaz. Diqqət edin, MDB adlı qurumu hələ heç kim buraxmayıb. Bəs MDB ümumiyyətlə vardırmı, yoxsa yoxdur? Bu, ritorik sualdır.
– Yeri gəlmişkən, KTMT qoşunlarının Ukraynadakı müharibəyə, ən azı, polis qüvvələri kimi cəlb oluna biləcəyi ilə bağlı versiyalar səslənirdi. Bu barədə nə düşünürsünüz?
– Düşünürəm ki, bu, ümumiyyətlə, nəinki elmi, hətta antielmi fantastika sahəsinə aiddir.
Nair Əliyev